Baku TV daha bir dəhşətli cinayətin təfərrüatını təqdim edir.
2017-ci il iyulun 15-də Kliniki Tibbi Mərkəzdən Səbail RPİ 8-ci PB-nə Bayıl qəsəbəsindən deşilmiş-kəsilmiş xəsarətlərlə daxil olan Bakı şəhər sakini Nail Abdulrəhmanovun vəfat etməsi ilə bağlı məlumat verilib.
Araşdırma zamanı hadisənin F.Qurbanov küçəsi, 158/159 ünvanında baş verməsi, N.Abdulrəhmanova bıçaqla xəsarətlər yetirən şəxsin qəsəbə sakini Əli Nağıyev olması məlum olub.
Barəsində axtarış elan olunmuş Ə.Nağıyev Azərbaycan sərhədini qanunsuz yolla keçərək Gürcüstanda gizlənib və həmin ölkənin mobil operatorlarından istifadə edərək, ailə üzvləri ilə əlaqə saxlayıb. 2017-ci il oktyabrın 2-də o, Gürcüstan ərazisində tutulub və təxminən doqquz aydan sonra Azərbaycana ekstradisiya edilib.
İstintaqla müəyyən edilib ki, Ə.Nağıyev tanışı N.Abdurəhmanovun ondan dəfələrlə pul tələb etməsi, ona məxsus telefonu girov qoyması, onu döyməsi, axırıncı dəfə isə Bayıl qəsəbəsində, onun vasitəsilə tanışı Telman Məmmədovdan icarəyə götürdüyü avtomobilin icarə pulunu ödəməməsi ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb.
Əli Nağıyev N.Abdurəhmanovun ünvanına söyüşlər söyməsi və sinəsinə yumruqla vurması, habelə əvvəllər də ona qarşı etdiyi bu kimi hərəkətlərdən əsəbiləşərək, üzərində gəzdirdiyi bıçaqla ürək və qarın nahiyəsinə iki dəfə zərbə vuraraq, onu qəsdən öldürüb.
Ə.Nağıyev ifadəsində bildirib ki, Bayıl qəsəbəsində yerləşən aptekdə kirayə yer götürüb, optika işi ilə məşğul olub. Nail Abdurəhmanovu 2017-ci ilin aprel ayından, cəzaçəkmə müəssisəsindən çıxan zaman tanıyıb, ilk vaxtlar aralarında çox yaxşı münasibətlər olub. Lakin sonra Nail onu sıxışdırmağa başlayıb, tez-tez pul istəyib və həmin məbləğlərə narkotik vasitələr alıb. May ayında Telman adlı tanışından taksi sürücülüyü ilə məşğul olmaq üçün aylıq 200 manat olmaqla kirayə “Tofaş” markalı avtomobil götürüb. Nail maşını ona verməsini xahiş edib, 50 manat pul verərək, yerdə qalan məbləği qısa müddət ərzində ödəyəcəyini bildirib. Nailin təkidi ilə Telmanla danışıb. Sonuncudan Abdulrəhmanova etibarnamə verməsini xahiş edərək, bundan sonra maşının aylıq kirayə haqqını onun verəcəyini deyib. Amma Nail taksi fəaliyyəti ilə məşğul olacağını söyləsə də, bu işlə məşğul olmayıb, narkotik vasitə qəbul edib, tüfeyli həyat tərzi keçirib. İyul ayının əvvəllərində avtomobillə qəza törədib. Maşını təmir etdirməyib, həmçinin Telman Məmmədovun aylıq pulunu da ödəməyib. İyulun 11-də Nail növbəti dəfə pul istədikdə, Əli pulu olmadığını bildirib. Buna görə aralarında mübahisə olub. Ayın 15-də axşam işlədiyi aptekin qarşısında dayananda Nail gəlib, bir az qəsəbədə gəzməyi təklif edib. Marketin yanındakı taksi sürücüləri ilə görüşdükdən sonra, ara küçə ilə 203 saylı orta məktəbə doğru gediblər. Həmin vaxt Telman Əlinin telefonuna zəng edib, cavab verəndə tanışı sərt şəkildə Nailin avtomobilin pulunu ödəmədiyini, ya pulu, ya da avtomobili verməsini, əks təqdirdə, başqa cür danışacağını bildirib. O, ya pulu verməsini, ya da maşını qaytarmasını söyləyəndə Abdulrəhmanov qəzəblənib, ona deyib ki, maşını heç kimə verməyəcək. Yaranmış mübahisə zamanı bir-birini yumruqla vurublar. Nailin əlindən aldığı bıçağın onun bədəninə sirayət etdiyini hiss edib, lakin ərazi qaranlıq olduğundan hansı nahiyəsini deşdiyini görməyib. Bıçağı hadisə yerində ataraq qaçıb. Tanışından borc pul alaraq, taksi ilə “Qırmızı Körpü” sərhəd keçid məntəqəsinə gedib. Ancaq buradan Gürcüstana keçə bilməyib. Rusiyada yaşayan atasına zəng edib, adam bıçaqladığını və Gürcüstana keçmək üçün ona kömək etməsini istəyib. 10 dəqiqədən sonra atası geri zəng edib, Zaqatala rayonuna getməsini tapşırıb. Həmin rayonun giriş hissəsində, yolun kənarında dayanmasını, bir nəfərin gəlib, onu Gürcüstana keçirəcəyini deyib. İyulun 17-də gecə saat 1 radələrində təxminən 40 yaşlarında olan «Qoca» adı ilə tanıdığı Gürcüstan vətəndaşı gəlib, onu qanunsuz, meşə və dağ yolları ilə ölkəyə keçirib. Gürcüstan ərazisində onun avtomobili ilə atasının Musa adlı dostunun evinə gediblər. Orada yaşayıb. Həmin ilin oktyabr ayında yerli polis əməkdaşları tərəfindən “Yormuğanlı” kəndində tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Nağıyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunub.