Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı”nın sabiq rəhbəri Cahangir Hacıyevin Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmamasına dair məhkəmə qərarından verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmə baxışı iyunun 8-ə təyin edilib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmasına dair Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Məhkəmə onun ərizəsini təmin etməyib.
Qərarla razılaşmayan C.Hacıyev Qaradağ rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
Qeyd edək ki, C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib.
Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq, qanunsuz veksel əməliyyatlarının aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsində onun cəzası üç ay azaldılıb və barəsində qəti olaraq 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.