Bakının Suraxanı rayonunda mayın 5-də qaz balonundan istifadə etməklə soyğun hadisəsi baş verib.
Bu barədə oxu.az-a rayonun Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, saat 02:30 radələrində Yeni Günəşli qəsəbəsində iki naməlum şəxs işdən evə qayıdan 1988-ci il təvəllüdlü yerli sakin Mehdiqulu Bədəlova hücum edib. Onlar kişini fiziki zorakılıqla hədələyiblər. Sonra onlardan biri M.Bədəlovun üzünə qaz püskürdüb. Soyğunçular onun 5 800 manatını götürərək hadisə yerindən qaçıblar.
Hazırda 33-cü Polis Bölməsinin əməliyyatçıları şübhəlilərin kimliyini müəyyənləşdirməyə çalışırlar. Faktla bağlı cinayət işi açılıb.