Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakinləri Azər Hüseynov, Xalid Ağayev və Bisitun Fətiqi Hüseynov sonuncunun idarə etdiyi “Peugeot” markalı avtomobildə rayonun Xırmandalı kəndi ərazisində saxlanılıblar.
Avtomobilə keçirilən baxış zamanı oradan bir kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində isə Gəncə şəhər sakini F.Bayramova və Bakı şəhəri Binəqədi rayon sakini Fərid Şamiyev sonuncunun idarə etdiyi “Renault Megane” markalı avtomobildə Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində saxlanılıblar. Avtomobilə keçirilən baxış zamanı oradan 100 qram narkotik vasitə heroin, 327 qram psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.