Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan ata və oğul saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kənd sakini Fədail Aydınlı bir bükümdə narkotik vasitə - heroini satarkən cinayət başında saxlanılıb.
Şəxsi axtarış zamanı ona məxsus mobil telefonun üzlüyünün alt hissəsindən isə daha 2 bükümdə heroin aşkarlanaraq götürülüb. F.Aydınlının yaşadığı evə keçirilən baxış zamanı atası, əvvəllər məhkum olunmuş Çingiz Məmmədova məxsus pul kisəsinin içərisindən 17 bükümdə narkotik vasitə - heroin, 1 bükümdə tiryək və elektron tərəzi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.