Baş Prokurorluq: “Polis əməkdaşını avtomobillə vurmuş sürücü barəsində cinayət işinə başlanılıb” - VİDEO
Hacıqabul rayonu ərazisində xüsusi karantin rejimini pozan şəxs barəsində cinayət işinə başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Məlumata görə, aprelin 14-də saat 12 radələrində Tərtər rayon sakini Elşad Məmmədov idarə etdiyi “Mercedes” markalı, 10-OO-018 dövlət nömrə nişanlı avtomobillə Hacıqabul rayonu ərazisində xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış stasionar polis postunda xidmətdə olan polis nəfərinin avtomobili saxlamasına dair qanuni tələbinə məhəl qoymayaraq, yüksək surətlə hərəkətini davam etdirib, onu qəsdən vurub və xəsarət yetirib.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.
Araşdırmalarla, həmçinin, avtomobildə olan sərnişinlər - Natiq Hüseynzadə və Anar Fətəliyev tərəfindən də xüsusi karantin rejiminin tələblərinin kobud pozuntusu halları müəyyən edilib.
Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Elşad Məmmədov, Natiq Hüseynzadə və Anar Fətəliyev tutularaq istintaqa cəlb olunublar.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, E.Məmmədov ötən gün idarə etdiyi avtomobillə postda xidmət aparan Şirvan Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Mirzəli Mirzə Nofil oğlunu vurub. O, polis əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!