Bakının Qaradağ rayonunda gənc qadın martın 26-da qəsdən törədilən qətlin qurbanı olub.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qobustan qəsəbəsində saat 20:30 radələrində 1981-ci il təvəllüdlü Laləzar Kərimli aldığı çoxsaylı bıçaq zərbələrindən hadisə yerində ölüb.
Patoloqanatomlar öldürülmüş qadının bədənində səkkizdən çox bıçaq yarası qeydə alıblar.
Məlum olub ki, L.Kərimlinin qətlinin törədilməsində onun əvvəllər oğurluqda ittiham olunmuş 1981-ci il təvəllüdlü qaynı Səbuhi Kərimovun əli olub. Cinayət L.Kərimlinin bacısının evində törədilib.
Hadisənin təfərrüatı məlum olub. Belə ki, L.Kərimli qohumları ilə mübahisə edərək, bacısıgilə gedib.
Bundan sonra S.Kərimov qardaşının oğlunu götürərək, hadisəni aydınlaşdırmaq üçün qadının dalınca gedib. Bacısının evində olan gəlin və qayın otaqda tək qalıblar. Qohumlar onların söhbət etdiklərini düşünərək, müdaxilə etməyiblər. Bir müddət keçəndən sonra kişi həmin yeri tərk edib və qohumları L.Kərimlini ölü vəziyyətdə tapıblar.
Hadisəni törədən S.Kərimov gizlənib. Hazırda Qaradağ rayonunun 11-ci Polis Bölməsinin əməkdaşları onun yerini müəyyənləşdirməyə çalışırlar.
Faktla bağlı cinayət işinə başlanılıb.