Fevralın 1-də Bakıda keçmiş arvadına 16 bıçaq zərbəsi vuran Ceyhun Bəhmənovun ittihamı ağırlaşdırılıb.
Qafqazinfo-nun məlumatına görə, aparılan istintaq tədbirləri nəticəsində C.Bəhmənovun əməli Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.
Cinayət işinin istintaqı Yasamal Rayon Prokurorluğu tərəfindən davam etdirilir.
Qeyd edək ki, C.Bəhmənov bir müddət öncə boşandığı keçmiş arvadı Dilarə Bəhmənovaya Hüseyn Cavid parkının yaxınlığında arxadan hücum edərək, əlində olan iki bıçaqla zərbələr endirib.
D.Bəhmənova həmin zaman 15 yaşlı qızını həkimə gətiribmiş və hadisə poliklinikadan çıxanda baş verib. C.Bəhmənov barəsində həbs-qətimkan tədbiri seçilib.
İstintaqın ilkin mərhələsində hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılmışdı, daha sonra iş CM-nin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; xüsusi amansızlıqla, o cümlədən, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə tövsif edilmişdi.