39 yaşlı ər 28 yaşlı arvadına çoxsaylı zərbələr vurmaqla onun həyatına son qoyub. Ardınca özünü də bıçaqlayıb. Bu evlilik hər ikisinin ikinci evliliyi olub. Ailə faciəsinin başlıca səbəbi isə yenə də sosial problemlərdən və qısqanclıqdan qaynaqlanıb. Cəmisi iki ay öncə mağazaya işə düzələn Gülnar elə oradaca da əri tərəfindən qanına qəltan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Hacıqabul rayon sakini Seymur Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, hadisə bu il mayın 3-də Sumqayıt şəhəri, Nərimanov küçəsi, "Karvan" ticarət mərkəzində baş verib. S.Abdullayev adıçəkilən ticarət mərkəzindəki dükanlardan birində satıcı işləyən arvadı Gülnar Əmənovaya bıçaqla çoxsaylı zərbələr endirib.
"Bu, bir ailə məsələsidir" deyib və...
İstintaqla müəyyən edilib ki, Seymur Abdullayevlə Gülnar Əmənova Sumqayıt şəhərindəki 42-ci məhəllə, 8 saylı yataqxanada kirayə yaşayıblar. Arvadının başqa şəxslərlə telefonla gizli əlaqə saxlamasından şübhələnən Seymur dəfələrlə onunla mübahisə edib. Bu ilin aprelində isə Gülnarla əlaqəni birdəfəlik kəsib. Hadisədən iki gün öncə "Cavid" ticarət mərkəzinin yaxınlığında arvadının bir kişi ilə getdiyini görüb. Həmin vaxt Gülnara nə qədər zəng vursa da ona zəng çatmayıb. Bu səbəbdən də Seymur Gülnarla görüşüb ondan qisas almaq qərarına gəlib.
Hadisə günü özüylə bıçaq götürərək Gülnarın işlədiyi "Karvan" ticarət mərkəzindəki eynək mağazasına gələrək onunla mübahisə edib. Mübahisə zamanı Gülnar Seymura onunla bir yerdə yaşamaq istəmədiyini bildirib. Bıçaqla Gülnara ardıcıl zərbə endirən Seymur ətrafdakı insanlara "bu, bir ailə məsələsidir" deyərək yaralıya yaxınlaşmağa qoymayıb. Gülnarı qanına qəltan etdikdən sonrasa bıçaqla özünə də zərbələr endirib. Köməyə gələnlər yaralı qadını dərhal Sumqayıt şəhər TTYX-na çatdırıblar. Ağır dərəcəli bədən xəsarətləri almış qadın 11 gün komada qaldıqdan sonra dünyasını dəyişib.
S.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Sumqayıt şəhər məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Keçmiş dustaq, yas məclisindəki tanışlıq...
Təqsirləndirilən şəxs qismində dindirilən Seymur Abdullayev ifadəsində 2008-ci ildə xalası qızı ilə evləndiyini, birgə nikahdan bir övladı olduğunu, rayondan paytaxta köçərək günəmuzd fəhləlik etdiyini, müxtəlif ünvanlarda kirayə qaldıqlarını göstərib. Xuliqanlıq və narkotik vasitələrdən istifadə etdiyinə görə S.Abdullayev iki dəfə həbs olunub. Ailə həyatında da bəxti gətirməyib. Altı il sürən evlilik sonda boşanmayla sonuclanıb. Gülnar Əmənovayla təsadüfən qohumlarının yas məclisində tanış olub. Bir müddət sonra isə bu tanışlıq yeni evliliyə ayaq açıb. Həyat yoldaşından ayrılan Gülnar özündən 12 yaş böyük olan Seymurla ailə qurmağa razılaşıb. Bu evliliyin sonu əvvəllkindən də qısa olub. Dolanışıq ucbatından Rusiyaya üz tutan Seymur Gülnarı kəndə - atası evində qoyub gedib: "İki ay Rusiyada qaldım, iş tapa bilmədim. Geri qayıdanda Gülnarın Coratda dayısı evində qaldığını gördüm. Dedi ki, gəl biryolluq Sumqayıtda yaşayaq, ikimiz də işləyək, rayona getmək istəmirəm. İş axtardıq, mən iş tapa bilmədim. Rayona qayıtmağı məsləhət gördüm, razılaşmadı. Mənə "sən gedirsən get, mən burda qalacağam" dedi. Qayınatam yataqxanada bizə kirayə ev tutdu, oraya köçürdü. Gülnar eynək dükanına işə düzəldi, mənsə hələ də iş tapa bilmirdim".
"Mənimlə yaşamaq istəmədiyini deyirdi"
S.Abdullayevin dediklərini inansaq, Gülnar dükanda işləməyə başladıqdan sonra ona qarşı soyuq davranıb, telefonu əlindən yerə qoymayıb, kiminləsə gizli telefon əlaqəsi saxlayıb: "Əvvəl evə gələndə telefonu stolun üstünə qoyardı. Sonralarsa özündə saxlayırdı. Bir dəfə çörək almağa getmişdim. Evə qayıdanda Gülnarın telefonda danışdığını eşitdim. Məni görən kimi telefonu cibinə qoydu. Soruşdum, dedi iş yoldaşımdı. Telefona baxmaq istədim, vermədi. Ertəsi gün işə aparmaq istədim, mənimlə getmədi. Bununla bağlı mübahisəmiz düşdü. Anasına zəng vurub mənimlə yaşamaq istəmədiyini dedi".
Sonuncu mübahisədən sonra Seymur özünəməxsus əşyaları toplayıb və qardaşı evinə köçüb. Gülnardan ayrı yaşasa da əlaqəni birdəfəlik kəsməyib, ara-sıra danışıblar, hərdən yanına da gedib-gəlib. Bir müddət sonra Gülnar ona "valideynlərinin səninlə görüşməyə icazə vermir, bizim münasibətimiz barədə heç kimə heç nə demə" deyib. İki gün sonra isə təsadüfən Gülnarı bazarda başqasıyla görüb. Məhz bundan sonra onunla haqq-hesab çəkmək qərarına gəlib: "Zəng vurdum, zəng çatmadı. Axşam danışanda yanındakının kim olduğunu soruşdum, dedi, yanımda heç kim olmayıb, get öz qohumlarının dərdini çək".
Özüylə evdən bıçaq götürən Seymur birbaş Gülnarın işlədiyi mağazaya gəlib, içəridəki müştəriləri çölə çıxarıb. Gülnarla söhbət etmək istədikdə sonuncu onu söyüb, mağazadan çıxarmaq istəyib: "Bıçaqla Gülnarı vurdum. Bu vaxt başıma nəsə dəydiyini hiss elədim. Hadisə vaxtı özümü də bıçaqla vurmuşam".
"Tüfeyli həyat tərzi sürürdü, işləmək istəmirdi"
Zərərçəkmiş Şaməddin Əmənov ifadəsində üç qız övladlı olduğunu, böyük qızı Gülnarın el adəti öz qohumlarına ərə getdiyini, övladı olmadığına görə rəsmi qaydada ayrıldığını göstərib: "Boşanandan sonra kəndə gəlib bizimlə bir yerdə yaşadı. Sonradan Seymurun qohumları elçi gəldilər. Gülnar ikinci dəfə ailə qurub şəhərə köçdü. Seymur işləmirdi, mən özüm onlara maddi köməklik edirdim, ərzaq yollayırdım. Son vaxtlar Gülnar Seymurun keçmiş arvadı ilə əlaqəsi olduğunu öyrənmişdi. Buna görə aralarında dəfələrlə söz-söhbət olmuşdu. Həmin söz-söhbətdən sonra Gülnar rayona qayıtmışdı, Seymursa Rusiyaya getmişdi".
Mərhumun atası deyir ki, Rusiyadan qayıtdıqdan sonra Seymur onların evinə gəlib və yenidən Gülnarla mübahisə edib. Mübahisə zamanı isə kürəkəni qızının üstünə cumaraq boğazından tutub. Həmin vaxt Seymuru aralayaraq evindən qovub . Bir ay sonra Seymurun əmiləri onların evinə gələrək ər-arvadı barışdırmaq istəyiblər: "Seymur tüfeyli həyat sürürdü. Əmisi söz verdi ki, Seymur düzəlib, daha söz-söhbətləri olmayacaq, qoy barışsınlar. Gülnara dedikdə razılaşdı. Kirayə mənzil tutduq, oraya köçdülər. Hər ikisinə Sumqayıtda iş axtardıq. Gülnar işə düzəldi. Seymura dəflərlə iş tap, işlə desə də, Seymur işləmək istəmirdi. Buna görə də mübahisələri düşürdü".
"Dedim, yığ paltarlarını, qızımın yanından get"
Hadisədən bir neçə gün öncə Gülnar atasına zəng vuraraq Seymurla yola getməyin qeyri-mümkün olduğunu, onunla bir yerdə yaşamaq istəmədiyini deyib:"Seymura dedim ki, yığ paltarlarını qızımın yanından get. O da elə həmin gün qardaşı evinə köçmüşdü. Bundan sonra Seymurla qızımın əlaqəsi kəsildi. Mayın 3-də naməlum nömrədən zəng gəldi. Gülnarın özünü pis hiss etdiyini və xəstəxanaya aparıldığını dedilər. Sumqayıta xəstəxanaya gəldim. Xəstəxanada Gülnarın bıçaqlandığını öyrəndim. Sonradan Gülnar aldığı xəsarətlərdən xəstəxanada öldü".
Mərhumun atası məhkəmədən qızının ölümünə səbəb olan şəxsə ömürlük cəza verilməsini istəyib: "Qızımı insanların hamının gözü qarşısında vəhşicəsinə öldürüb. Ona ömürlük cəza verilməlidir".
Lakin məhkəmənin hökmü ilə Seymur Abdullayev törətdiyi əməllə müqayisədə xeyli yumşaq cəzaya- 15 il müddətinə azadlıqdan məhrum edilib. Bu yumşaq cəza isə növbəti qadın qətlləri üçün zəmin yaratmş olacaq...