Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluqlar edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən şəxslərdən biri polisə müraciət edərək bildirib ki, evin giriş qapısının açıq olmasından istifadə edən naməlum şəxs mənzilin dəhlizindəki dolabdan 5350 ABŞ dolları və 500 manat oğurlayaraq hadisə yerindən qaçıb. Bölmə əməkdaşları qısa zamanda qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron trayon sakini Günay Abdullayevanı saxlayıblar.
O, ifadəsində etdiyi cinayəti etiraf edib.
Araşdırma zamanı G.Abdullayevanın Binəqədi rayonunda daha bir neçə evdən eyni üsulla, yəni açıq qalmış qapıdan içəri daxil olmaqla oğurluqlar etdiyi məlum olub.
Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.