Azərbaycan Cüdo Federasiyasının Prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Avropa Cüdo İttifaqının Prezidenti Sergey Soleveyçiklə görüşüb.
Rövnəq Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.
Ölkəmizdə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən Abdullayev son vaxtlar idmançılarımızın mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq turnirlərdə medallar qazandığını diqqətə çatdırıb.
Hər il yeniyetmələr, gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən federasiya prezidenti bu yarışlarda rekord sayda cüdoçuların mübarizə apardığını qeyd edib.
Səmimi görüşə görə minnətdarlığını bildirən Avropa Cüdo İttifaqının rəhbəri Sergey Soleveyçik Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən Soleveyçik hazırda Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Bu mötəbər festivalın cüdo yarışlarında Avropa və yerli federasiyaların birgə İşçi qrupunun fəaliyyət göstərdiyini, yarışda qitənin ən güclü yeniyetmə cüdoçularının mübarizə apardığını qeyd edib.
Sonra Sergey Soleveyçik Avropa Cüdo İttifaqının xüsusi hədiyyəsini Rövnəq Abdullayevə təqdim edib. Görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak edib.