"İdeyadan Biznesə" layihəsi çərçivəsində Göyçay şəhərində ilk startap turu təşkil olunub.
Median.Az xəbər verir ki, bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Startap turunda Göyçayla yanaşı, Ucar, Yevlax, Ağdaş və Ağcabədi rayonlarından olan 100-dək gənc iştirak edib.
Tədbir iştirakçılarına məlumat verilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə reallaşdırılan “İdeyadan Biznesə” layihəsinin məqsədi startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir.
Bildirilib ki, layihə çərçivəsində keçirilən startap turlarının əhatə etdiyi hər bir region üzrə 3 innovativ layihə qalib kimi seçilir.
Regiondan seçilən qaliblər respublika üzrə təşkil olunan Milli Finalda iştirak hüququ qazanır. Milli Finalın qalibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi də əldə edirlər.
İştirakçıların diqqətinə çatdırılıb ki, startap turları Göyçaydan sonra Tovuz, Bakı, Lənkəran, Zaqatala, Naxçıvan, Şamaxı və Şəkini əhatə edəcək.
Tədbirin informativ hissəsindən sonra iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən kiçik biznes-treninq keçirilib.
Daha sonra ideyası olan iştirakçılardan ibarət 5 komanda formalaşdırılıb. Mentorlar komandaları əsas müsabiqəyə hazırlayıb.
İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Hər çıxışdan sonra interaktiv sual-cavab və layihənin müzakirəsi baş tutub. Bu mərhələnin sonunda münsiflər hər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdiriblər.
Beləliklə, 1-ci yerə “Health belt” layihəsi, 2-ci yerə “Hərrac”, 3-cü yerə “Animal Center of Goychay” layiq görülüb.
Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb.
Qeyd edək ki, növbəti startap turu 12 aprel tarixində Tovuzda keçiriləcək.
İştirak etmək üçün “http://www.i2b.az” saytında qeydiyyatdan keçmək zəruridir.