Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən rayonlarının ardınca növbəti səyyar satış mart ayının 18-də Şəmkir rayonunun Çənlibel kəndində baş tutub. Bu günkü satış zamanı Çənlibel və ətraf kəndlərdən 55 vətəndaş müraciət edib və 22,850 ton ammonium nitrat, 9 ton nitroammafoska, 600 kq ammofos, ümumilkdə, 32,450 ton mineral gübrə satılıb. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər. Sabah - martın 19-da Qazax rayonunun Alpout kəndində növbəti səyyar satış keçiriləcək.//report.az