Beşdən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinətinin məbləği aprelin 1-dən 55 manata çatdırılacaq.
Dövlət başçısının 25 fevral 2019-cu il tarixli sərəncamı digər müavinət növləri kimi, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin də əhəmiyyətli dərəcədə artmasına imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, misal üçün, ailədə altı uşaq varsa, həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat (hazırkı məbləğlə müqayisədə, 132 manat çox) vəsait ödəniləcək. Hazırda Azərbaycanda beşdən çox uşağı olan qadınların doqquz min nəfər uşağına bu müavinət verilir.
25 fevral 2019-cu il tarixli sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur.
Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata çatdırılacaq. Hazırda 120 nəfər uşağa bu müavinət növü ödənilir.