Moskvada "Azərbaycan nemətləri" mağazası fəaliyyətə başlayıb.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Moskvadakı "DEPO" qastromarketinin ərazisində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə "Azərbaycan nemətləri" mağazası açılıb.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev mağazanın açılış mərasimində çıxış edərək bildirib ki, yeni layihəni Moskvada Azərbaycan Ticarət Evinin açılmasına doğru atılan ilk addım kimi qiymətləndirmək olar. O deyib: "Ticarət Nümayəndəliyi ixracın stimullaşdırılması məqsədilə Azərbaycan məhsullarının Rusiya bazarında yayılması sisteminin formalaşdırılmasına başlayıb. Bu sistem Azərbaycan məhsullarının Rusiyaya ixracı üzrə ixtisaslaşdırılmış şirkəti olan "Azərbaycan nemətləri" mağazalar şəbəkəsini və ölkəmizin ixrac, sərmayə və turizm potensialı barədə daimi fəaliyyət göstərən sərgini özündə birləşdirəcək".
AZPROMO-nun rəhbəri vəzifəsinin icra edən Yusif Abdullayev deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan məhsullarının təşviqi məqsədilə mühüm bir platforma - ticarət məkanlarının yaradılmasına başlanılıb. İlk ticarət evlərindən biri məhz Rusiyada, Həştərxanda yaradılıb. Yaxın vaxtlarda belə məkanların Moskvanın müxtəlif yerlərində açılması planlaşdırılır. "Azərbaycan nemətləri" mağazasında 15 istehsalçının 200-dən çox çeşiddə məhsulu təqdim olunur.
Xəbər verdiyimiz kimi, "Azərbaycan nemətləri" mağazasının açıldığı qastromarket 1903-cü ildə tikilmiş və mədəni irs siyahısına daxil olan Miyus tramvay-trolleybus parkı binasında yerləşir. Kvartal 11 min kvadratmetr sahəni əhatə edir. Burada 140 mağaza və 60-dan çox restoran yerləşir. Bu ilin yayına kimi yeni məkanda bütün obyektlərin müştərilərin üzünə açılacağı gözlənilir. Layihə müəllifləri hər gün kvartala ümumilikdə 20 minədək nəfərin gələcəyinə ümid bəsləyirlər.
Burada Azərbaycan mətbəxinin nümunələrinin təklif ediləcəyi restoranın da fəaliyyətə başlaması gözlənilir.