Azərbaycanda dövriyyədə olan 200 manatlıq əskinaslar pul dövriyyəsinin ancaq 5%-ni təşkil edir.
Hazırda dövriyyədə 400 milyon manat həcmində 200 manatlıq əskinaslar var.
Ümumiyyətlə, dövriyyədə 200 manatlıqların az olmasının bir neçə səbəbi var.
Mərkəzi Bank sədri Elman Rüstəmovun sözlərinə görə, bunlardan biri odur ki, bu əskinas bankomat sistemində əmək haqlarının ödənilməsi üçün istifadə olunmur.
Eyni zamanda nağd pul dövriyyəsi ilə qeyri-nağd pul dövriyyəsi arasında əlaqə çox zəifdir, yəni pul təzələnmir. Bank sektorundan 200 manatlıqlara sifarişlər gəlmir.
“Bank sektorundan sifariş gəlmirsə, deməli iqtisadiyyatdan gəlmir. Ən böyük məsələ də budur ki, niyə gəlmir? Hesab edirəm ki, iqtisadiyyatın buna tələbatı var. Xüsusilə də nağd iqtisadiyyatdakı pul başlıca olaraq ödəniş funksiyasını yerinə yetirir. Ödəniş funksiyalarında isə daha iri nominallar tələb olunur, amma niyə bu tələb yoxdur haqqında bizim versiyalarımız var. Burada dramatik bir faciə yoxdur, amma daha çox iqtisadi səbəblər var. Bu, kölgə iqtisadiyyatı ilə əlaqədardır”.
Daha sadə dillə ifadə etsək, dövriyyədə nağd pulun istifadə edilməsi obyektiv olaraq məhdudlaşdırıldı. Kölgə iqtisadiyyatı isə əlindəki nağd pulu dövriyyəyə çıxartmır, əgər çıxartsaydı bu zaman 200 manatlıqlara ciddi tələbat yaranardı.