Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketi müzakirə olunur. Dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi, sahibkarların vergi yükünün azaldılması, nəzarət mexanizmi və inzibatçılığın təkmilləşdirilməsi, eləcə də beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir. Bəs sadalanan dəyişikliklərin mahiyyəti nədir və nəyə xidmət edəcək? Bu istiqamətdə vergi ödəyiciləri, sahibkarlar və bütünlükdə vətəndaşları maraqlandıran sualları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “İqtisadi zona” proqramına müsahibəsində cavablandırıb:
– Nicat müəllim, builki dəyişikliklərə ümumi nəzər salsaq, belə məlum olur ki, sənaye, tibbi turizm, səhiyyə, mədəniyyət sahələrinin inkişafı ilə bağlı dəstəkləyici tədbirlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda, təkliflərdə bu günə qədər mövcud olan bəzi güzəştlərin müddətinin uzadılması da yer alıb. Bunlar nədən ibarətdir?
– Vergi Məcəlləsinə dəyişikliklərin istiqamətləri artıq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb. Öncə bu dəyişikliklərin nə üçün həyata keçirilməsi məsələsinə toxunmaq istərdim. Bildiyiniz kimi, ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib. Həmin Strategiyada vergi sistemi qarşısında iki strateji hədəf müəyyən edilib. Bu strateji hədəflərdən birincisi iqtisadiyyatın prioritet sahələrinə investisiyaların cəlb edilməsi idi. İkinci istiqamət isə “kölgə iqtisadiyyatı”nın daraldılması və bu sahədə rəqəmsallaşmanın genişləndirilməsi idi. Əlbəttə ki, investisiyaların cəlbediciliyinin artırılması, sahibkarlar üçün vergi yükünün aşağı salınması bu kontekstdə önəmli idi və cari il üçün həyata keçirilən vergi qanunvericiliyindəki dəyişikliklər məhz dövlət – özəl tərəfdaşlığını, yerli avtomobil sənayesinin inkişafını, gəmi təmiri ilə bağlı məsələləri, eləcə də dəmir yollarının inkişafı ilə bağlı vergi dəstəklərini əhatə edir. Yəni bunlar məhz investisiyaların cəlbediciliyinin artırılması baxımındandır.
Dövlət – özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrə
30 il müddətinə vergi güzəştləri veriləcək
Bir qədər detallara varsaq, ilk növbədə dövlət – özəl tərəfdaşlığına böyük həcmli vergi təşviqlərinin verilməsini qeyd etmək istərdim. Dövlət – özəl tərəfdaşlığı layihələri dedikdə, dəyəri minimum 30 milyon manat olan layihələr nəzərdə tutulur. Yəni 30 milyon manat üzərində olan layihələr böyük investisiya tələb edir. Təbii ki, böyük investisiya paralel olaraq məşğulluq yaradır. Bu proseslərin icrasını həyata keçirən podratçı, subpodratçı şirkətlərin aktivliyini artırır. Bu baxımdan dövlət – özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrə 30 il müddətinə vergi güzəştləri veriləcək.
– Bu güzəştlər nədən ibarətdir?
– Bu güzəştlər ödəyicini məhz birbaşa vergilərdən, yəni mənfəət, gəlir, əmlak və torpaq vergisindən tam həcmdə azad edir. Eyni zamanda, bu investisiyaların qoyuluşu ilə bağlı əsas vəsaitlər, fondların idxalı da ƏDV-dən və rüsumlardan tamamilə azad edilir. Bununla yanaşı, bu güzəştlərin tətbiqi alternativ enerji istehsalı layihələrinə münasibətdə də tətbiq edilir.
Bildiyiniz kimi, investisiyaların cəlbediciliyini artırmaq üçün yerli avtomobil sənayesində minik avtomobillərinin istehsalı ƏDV-dən azad edilib. Bu dəyişikliklərdə paralel olaraq avtobusların istehsalının da ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Yəni istehsalçı tərəfindən istehsal etdiyi avtobusların satışı ƏDV-dən azad edilir. Eyni zamanda, bu istehsal prosesi ilə bağlı idxal olunan xammal materialları, yəni avtobusun ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir.
Dəyişikliklərdə investisiya mühiti ilə yanaşı, əlverişli vergi mühitinin də təşviq edilməsi məsələsi mühüm istiqamətlərdən biridir ki, bu da daha çox tibbi turizm və mədəniyyət sektoru ilə bağlıdır. Tibbi turizmdə yerli klinikalar tərəfindən əcnəbilərə göstərilən xidmətlərdə ƏDV tətbiq olunur. Xarici turizmin, yəni xarici qonaqların daha çox ölkəyə məhz tibb sahəsində marağını təşviq etmək baxımından onların ödədiyi ƏDV-ni ölkəni tərk edərkən “Tax Free” rejimində geri almaq imkanları olacaq. Bu, tibbi turizmlə bağlı bizim səhiyyə sektoru ilə həyata keçirdiyimiz müzakirələr zamanı formalaşan təkliflərdən irəli gəlib, təhlil və qiymətləndirmələr nəticəsində müvafiq təşviqlərin verilməsi qərara alınıb. Mədəniyyət sektoruna da toxunmaq istərdim. Çünki mədəniyyət sektorunda bu günə qədər kino istehsalı və dublyaj sənayesinə münasibətdə 75 faiz vergi güzəşti nəzərdə tutulub. Hazırda bu güzəştin əhatə dairəsi 90 faizə qaldırılır. Bu güzəşt beş il müddətinə tətbiq ediləcək. Eyni zamanda, mədəniyyət sektorunda subyektlərin dairəsi də genişləndirir. Yəni artıq burada muzey, teatr, simfonik orkestr fəaliyyəti və filmə münasibətdə isə film prodüserlərinə də mənfəət və gəlir vergisi üzrə güzəştlər beş il müddətinə şamil olunacaq.
İnvestisiya mühiti ilə yanaşı, əlverişli vergi mühitinin də
təşviq edilməsi məsələsi mühüm istiqamətlərdən biridir
Bu sahə əqli mülkiyyətdən istifadəyə görə ödəniləcək royalti ödənişlərindən ödəmə mənbəyində tutulan vergilərdən beş il müddətinə azad ediləcək. Təbii ki, biz burada istehlakçıları unutmamışıq. İstehlakçılar tərəfindən də muzeylərə, simfonik orkestrin konsertinə, filmlərə baxışlara görə bilet əldə edərkən ödənilən məbləğlərdə ƏDV-nin 50 faizinin “ƏDV geri al” qaydasında geri qaytarılması nəzərdə tutulur.
– 75 faiz güzəştdən söz düşmüşkən, bəzi xidmət sahələri üzrə, xüsusilə də mikro sahibkarların gəlirlərinə 75 faizlik güzəştin heç bir şərtləndirilmə nəzərə alınmadan tətbiq olunması gözlənilir. Bu istiqamətdə təkliflər xüsusi maraqla qarşılanır. Ona görə də istərdik ki, bu barədə daha ətraflı məlumat verəsiniz.
– Bir sıra fəaliyyət həyata keçirən mikro sahibkarlara, fiziki şəxslər işçi cəlb etmədən, yəni işçi sayından asılı olmayaraq onların əldə etdiyi gəlirlərə illik 45.000 manat həcmində gəlirlər üzrə 75 faiz vergi güzəşti tətbiq edilməsi nəzərdə tutulur. Xidmətlərin dairəsinə baxsaq, buraya mühasibatlıq, hüquq, jurnalistika fəaliyyəti üzrə xidmətlər, turizm bələdçiləri və bir sıra digər xidmətlər, o cümlədən xidmətlərin ixracı, İT xidmətləri də aiddir. Məhz bu xidmətlərdə 75 faiz vergi güzəşti təqdim olunacaq.
– “Kölgə iqtisadiyyatı”nın məhdudlaşdırılmasına xidmət edən təşviqlərə nəzər salsaq, bu çərçivədə xüsusilə bazarlara nəzarət və əməliyyatların nağdsız qaydada həyata keçirilməsinin təşviqi ilə bağlı xüsusi məqamlar yer alır. Bunlar nədən ibarətdir? Burada müəyyən cərimələrin, məhdudlaşdırıcı sanksiyaların tətbiqi də nəzərdə tutulur.
– Ortamüddətli dövrdə strateji hədəflərimiz iki istiqamətdədir. İkinci istiqamət məhz “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına xidmət etməlidir. Biznes nümayəndələri ilə keçirdiyimiz görüşlərdə harada “kölgə iqtisadiyyatı”nın daha çox formalaşması, hansı əməliyyatların aradan qaldırılması və sağlam rəqabətin yaranmasına imkan verə biləcəyi ilə bağlı proseslər mütəmadi olaraq müzakirə edilir.