Bakının ən kriminal rayonları açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakının ən kriminal rayonları açıqlanıb
Binəqədi rayonunu Bakının ən kriminal rayonu hesab etmək olar.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bu rayon daxili işlər orqanlarının paytaxt bölmələrinin əməkdaşları arasında aparılan sorğu və bir neçə qurumun statistik məlumatları əsasında hazırlanmış kriminogen reytinqinə başçılıq edir.

Qeyd edək ki, rayonların kriminogen göstəriciləri əhali sıxlığına görə artır.

Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına əsasən, paytaxtın əhalisi 3 milyona yaxındır, lakin Bakıda yaşayanların real sayı bundan çoxdur. Burada qeydiyyatsız yaşayanlar da az deyil.

Eyni zamanda, kənd əhalisinin şəhər sakinlərinə çevrilməsinin öz neqativ nəticələri var. Hər şey DİN-in iddia etdiyi kimi nəzarət altında olsa da, bu, ilk növbədə, kriminogen vəziyyətin kəskinləşməsinə səbəb olur.

Bununla əlaqədar olaraq Daxili İşlər Nazirliyi bu ilin iyulunda əhaliyə xəbərdarlıq etmişdi ki, iki aydan çox qeydiyyatda olmadıqları yerdə yaşayanlar cərimə olunacaq. Vətəndaş öz yaşadığı yer barədə dövləti xəbərdar etməlidir. Bu, cinayət profilaktikasının və onunla mübarizənin gücləndirilməsi, eləcə də itkin düşənlərin və şübhəli şəxslərin axtarışının asanlaşması üçün lazımdır.

ASAN xidmət mərkəzlərində, DİN-in pasport, qeydiyyat və miqrasiya Baş idarəsində və ya onlayn şəkildə pulsuz qeydiyyatdan keçmək mümkündür.

2019-cu ilin iyul ayına olan göstəricilərə əsasən, Binəqədi rayonunda 266,6 min, Xətai rayonunda - 287,4 min, Yasamal – 248,1 min, Sabunçu – 245,4 min, Nəsimi - 221, 6 min, Suraxanı - 220,3 min, Nizami - 200,6 min, Nərimanov - 178,8 min, Xəzər - 167,1 min, Qaradağ - 126,2 min, Səbail - 102,1 min və Pirallahı rayonunda – 20,5 min nəfər rəsmi qeydiyyata alınıb.

Xətai rayonunda əhali sıxlığı rəsmi olaraq Binəqədi rayonunundakından yuxarı olsa da, bu rayonu ən kriminal adlandırmaq olmaz. Məsələ burasındadır ki, qanun keşikçilərinin müşahidələrinə əsasən, Bakı kənarlarında rayondan gəlmələrin və paytaxt qonaqlarının sayı daha çoxdur. Bu, evlərin qiymətlərinin bu ərazidə daha ucuz olmasıyla bağlıdır.

Binəqədi Rayon Polis İdarəsindən bildirildiyinə görə, bu rayonun ərazisində günü 2-3 manata icarəyə verilən yaşayış yerləri çoxdur. Bu, rayonlardan Bakıya əsasən iş dalıyca gələn aztəminatlı vətəndaşları cəlb edir. Mülk-məişət cinayətlərinin analizi göstərir ki, onların əksəriyyəti miqrasiya edənlər, yəni qeydiyyatları üzrə yaşamayan şəxslər tərəfindən törədilir. Bu baxımdan Xətai rayonu daha yaxşıdır, çünki buradakı evlərin qiyməti şəhərətrafı qəsəbələrə nisbətən daha bahadır.

10 il öncə paytaxtın mərkəzi rayonları - Yasamal, Nəsimi, Nərimanov - ən kriminal hesab edilirdisə, bu gün kənar rayonlar - Binəqədi, Suraxanı, Sabunçu önə keçib.

Kriminallığıyla ad çıxaran köhnə "Sovetski"də evlər söküldükdən sonra Yasamal rayonunda əhali sıxlığı əhəmiyyətli dərəcədə azalıb və eyni zamanda cinayət göstəriciləri də bir qədər aşağı düşüb.

Kənar rayonlar arasında əhalinin sayına görə (rəsmən qeydiyyatda olanlar və qeyri-rəsmi yaşayanlar) Bakıxanov, Qaraçuxur, Rəsulzadə, Biləcəri, Binə qəsəbələri liderlik edir.

Qeyd edək ki, uzun illər boyunca Nəsimi və Nərimanov rayonları kriminallığını qoruyur, çünki burada əyləncə yerləri, eləcə də gecə klubları çoxdur. Bu rayonlarda əhali sıxlığı Binəqədidən azdır, lakin insanların kütləvi şəkildə yığışdığı yerlərin və oğruları, fırıldaqçıları cəlb edən varlıların sayı çoxdur.

Paytaxt yenidən qurulur, Yasamal rayonundan sonra növbə Nəsimi rayonundadır (burada narkotik tacirlərinin yaşadığı "Kubinka" yerləşir). Binəqədi və Səbail rayonları da yenilənir. Beləliklə, Bakının mərkəzində əhali sıxlığı azalır, kənarlarında isə artır.

Daha öncə də dediyimiz kimi, DİN-in statistik məlumatlarına əsasən, cinayət göstəriciləri mülk cinayətləri şəxsi və bəzən dövlət əmlakının oğurlanması və dələduzluqlar hesabına artır.

Hər bir halda, axtarışda olan hər üç Azərbaycan vətəndaşından biri dələduzluqda ittiham olunur.

2019-cu ilin ilk yarımilliyi üzrə DİN-in statistik məlumatlarına əsasən, qeydə alınan cinayətlərdən haradasa yarısı 44,3% (5 496 fakt) - paytaxtın payına düşür. Bakıda baş verən cinayətlərin 87,4 faizi yüngül hesab olunur və böyük ictimai təhlükə yaradan cinayətlər deyil. 12,6% isə ağır və xüsusilə ağır cinayətlərdir. Bir sıra cinayətlər ötən ilə nisbətən azalıb.

Belə ki, 2019-cu ilin ilk yarısında cinayətlərin ümumi sayı 3,2% azalıb, mülklə bağlı cinayətlər 9,1% azalıb. Onlardan dələduzluqlar - 32,8%, avtomobil oğurluğu - 4,1%, xuliqanlıq - 23,1% azalıb.

Ağır və xüsusilə ağır cinayətlərin üstünün açılması artıb: şəxsiyyətə qarşı cinayətlər - 1,2%, həmçinin qəsdən törədilən qətllər - 12,2%, sağlamlığa qəsdən ağır zərər yetirmək - 4%, dələduzluqlar - 2,5%, soyğunlar - 6,5%.

61,4% gizli cinayətin üstü açılıb.

Belə ki, şəxsiyyətə qarşı 931 cinayətin 90,3 % üstü açılıb, (95% qətl, 92,1% sağlamlığa ağır xəsarət yetirmə). Xarici vətəndaşlara qarşı 52 cinayətdən 28 faktın (65,1%) üstü açılıb.

İctimai yerlərdə törədilən cinayətlərin sayı azalıb. Bu, yalnız profilaktik tədbirlərin gücləndirilməsiylə bağlı deyil, həm də çox sayda müşahidə kameralarının quraşdırılmasıyla bağlıdır. Rəqəmsal texnologiyalardan istifadə hüquq-mühafizə orqanlarına cinayətlərin üstünü açmaqda yardım edir.

Qeyd edək ki, hər gün Bakıda şəxsi və dövlət əmlakının oğurluğu üzrə 35-45 fakt qeydə alınır. Demək olar ki, bütün oğurluqlar xırdadır.

Ötən gün ərzində yalnız Binəqədi rayonunda 8 oğurluq, Nəsimi - 7, Qaradağ, Nərimanov, Suraxanı - hərəsində 5 oğurluq qeydə alınıb. Qaradağ rayonunu, "Sədərək" və "Binə" ticarət mərkəzlərinin yerləşdiyi əraziləri çıxmaqla, kriminal adlandırmaq olmaz.

Hər gün paytaxtda 70-80 cinayət qeydə alınır. Onlardan yarısı oğurluqdur, daha sonra sayına görə xuliqanlıq, dələduzluq və narkotiklərlə bağlı cinayətlər gəlir.

Xoşbəxtlikdən, Bakının heç bir rayonu Nyu-Yorkun ən təhlükəli və kriminal rayonu olan Harlemə çatmaz.

Ümumilikdə Qaradağ, Səbail və Pirallahı rayonlarını paytaxtın ən sakit rayonları adlandırmaq olar.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 150 06.09.19 19:06