Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Əliyevin CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Median.Az xəbər verir ki, silahlı insident ötən il noyabrın 10-na keçən gecə Nəsimi rayonu ərazisində baş verib. Mərdanov qardaşları küçəsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yanında, elə həmin ünvanda yaşayan Elnur Əliyev Namiq Nəcəfovu öldürmək məqsədilə ona ov tüfəngindən atəş açıb. Ağır yaralanan Nəcəfov Kliniki Tibbi Mərkəzə çatdırılıb və həyatı xilas edilib.
Əliyev cinayəti törədib, hadisə yerindən qaçsa da, post-patrul xidmətinin (PPX) əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirilmə zamanı o bildirib ki, Nəcəfov sözügedən yataqxananın yanındakı çayxananı işlədir, amma onu aralarındakı ədavətə görə ora buraxmır. Əliyev bir dəfə Nəcəfov və onun dostları tərəfindən təcavüzə məruz qalıb. Baş vermiş növbəti ixtilafdan sonra Elnur evə qaçaraq silahı götürüb və çayxanaya qayıdaraq, Namiqə atəş açıb.
Prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Məhkəmə prosesi davam edir.