Özümüz istehsal edirik, amma sata bilmirik – Çıxış yolu isə sadədir » Median.Az News Agency


Özümüz istehsal edirik, amma sata bilmirik – Çıxış yolu isə sadədir
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3 milyon 768 min ABŞ dolları dəyərində 2734 ton süd idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 459 min dollar (13,9%), həcm baxımından isə 465 ton (20,5%) çoxdur. Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.08%-ni təşkil edib.

Süd idxalının artımını kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a şərh edib.

Ekspert bildirib ki, Azərbaycanda kifayət qədər süd istehsalı var, amma heyvandarlar südü sata bilmirlər: "Çünki emal müəssisələri südü qəbul etmir və ya elə qiymətə qəbul edirlər ki, bu da istehsalçıya sərf etmir. Ölkədə kifayət qədər süd var, məsələ onu satmaqdır. Düzdür, Rusiyadan, Belarusdan kifayət qədər süd idxal edilir. Amma bunlar Azərbaycana konkret süd şəklində gətirilmir. Süd məhsulları (qatılaşdırılmış süd, yoqurt və s.) da buraya daxildir".

Onun fikrincə, ölkədə istehsal olunan südü daxili bazara çıxara bilsək, qablaşdıra bilsək, xaricdən süd gətirməyə ehtiyac qalmaz: "Burada əsas problem xırda heyvandarlıq təsərrüfatlarındadır. Xırda heyvandarlıq təsərrüfatlarında modernizasiya görmürük. 10-50 baş heyvan saxlayanlar ancaq süd satmağa öyrəşiblər. Bu da mövsümi amillə bağlı olan bir məsələdir. Hava istiləşəndə insanlar süd istehlak etmirlər və bu da alıcılıq qabiliyyətinə təsir edir. Ona görə də, xırda heyvandarlıq təsərrüfatları özləri emal müəssisəsinə, emal bazasına çevrilsə, çox yaxşı olar".

O, bildirib ki, dövlət tərəfindən çox ciddi güzəştlər edilir: "Elə avadanlıqlar var ki, 60-70 faiz güzəşt tətbiq edilir, amma xırda heyvandarlar buna maraq göstərmirlər. Xırda ailə təsərrüfatları məhsulları xammal şəklində satdığına görə, nəticədə bu, ölkədə məhsul dövriyyəsinə təsir etmir. Ümumilikdə əhalinin tələbatında iri müəssisələr ciddi rol oynamır, əsas rol oynayan xırda təsərrüfatlardır. Xırda təsərrüfatlarda modernizasiyanın olmaması, itkilərin hesablanmaması, uçotun aparılmaması bu problemi ortaya çıxardır".

Ekspert qeyd edib ki, kifayət qədər dövlət tərəfindən güzəştlər edilir, amma heyvandarların fəal şəkildə sağım avadanlıqlarına keçməsini, xəstəliklərdən mühafizə sisteminin tətbiqini görmürük: "Ən müasir sağım avadanlığı 550 manatdır və 60 faiz güzəştlə verilir. Heyvandarların iqtisadi təşəbbüskarlığın olmaması problemdir, yeniliklər tətbiq etmək istəmirlər. Ona görə də xaricdən süd alırıq, bəzən süd idxalında artımlar, bəzən azalmalar olur".

"Örüş sahələrində ekoloji vəziyyətin bərpa olunması ilə bağlı işlər aparılmalıdır. Hazırda heyvandarlığın inkişafı və örüş sahələrinin bərpa olunması ilə bağlı Dövlət Proqramı hazırlanır. Bu məsələlər sənəddə öz əksini tapacaq" – deyə o bildirib.

Ekspertin qənaətincə, artıq otarılma sistemindən imtina etmək lazımdır: "Bütün dünyada heyvanların bəslənməsi qapalı şəkildədir. Otarılan zaman heyvan kifayət qədər qidalana bilmir, uzun məsafə qət edir, bioloji qocalma dövrü sürətlə gedir. Tədricən heyvanların qapalı saxlanma rejiminə keçilməlidir. İlk növbədə iribuynuzlu sonra isə xırdabuynuzlu heyvanları buraya cəlb etməliyik. Bizdə ənənəvi yanaşma var ki, heyvanı tövlədə saxlamaq olmaz, amma bu, belə deyil. Bəsləmə şəraiti varsa, bu, mümkündür. Bizdə yem əkinçiliyi də çox zəifdir".

Ekspert bu ilin 4 ayında Azərbaycanın kərə yağı idxalını azaltmasına da münasibət bildirib: "Hər il adətən bu mövsümdə kərə yağı istehlakı aşağı düşür. İdxalı daha da azaltmaq üçün bizdə çoxçeşidli kərə yağları istehsal edilməlidir. Heyvandarlıq təsərrüfatlarının çoxunda ənənəvi istehsal görürük: yəni pendir və qatıq. Xarici ölkələrdə çoxçeşidli kərə yağları, pendirlər və s. istehsal edilir. İri heyvandarlıq təsərrüfatlarında marketinq mütəxəssisi, qida mühəndisi olsa, çoxçeşidli məhsul istehsal edilə bilər, daha çox gəlir götürmək mümkündür".

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycan 20 milyon 588 min ABŞ dolları dəyərində 4115 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 5 milyon 184 min dollar (20,1%), həcm baxımından isə 206 ton (4,8%) azdır. 4 ayda kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,45%-ni təşkil edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          469 30.05.19 20:37