Azərbaycan: Kişi ginekoloqlara münasibət dəyişirmi? » Median.Az News Agency


Azərbaycan: Kişi ginekoloqlara münasibət dəyişirmi?
Azərbaycanda bir çox ailə qadınların qadın ginekoloqlar tərəfindən müayinə edilməsini istəyir.

Mingəçevir şəhərində yaşayan Həsənovlar ailəsi kimi.

Ailə indi üçüncü uşağın gəlişini gözləyir; ana qeysər kəsiyi əməliyyatı keçirəcək, buna görə də həkim axtarışındadır.

Lakin 31 yaşlı Bəhruz Həsənov həyat yoldaşının kişi ginekoloq tərəfindən müayinə və əməliyyat edilməsi fikrinə qəti qarşı çıxır.

"Biz ailə qurandan indiyə qədər bir dəfə də olsun gecə pəncərə pərdəsiz olmayıb. Həmişə tünd pərdə çəkilib. Evin içi içəridə qalmalıdır," - Həsənov deyir.

Bəhruzun arvadı adının çəkilməsini istəmədən bildirir ki, hətta nə zamansa ona təcili yardım çağıranda belə, əri xüsusi olaraq "qadın həkim gəlsin" deyə tapşırıq verir.

Sosioloq Lalə Mahmudova deyir ki, bu yanaşmalarda din və adət-ənənələrin böyük rolu var.

"İslam dini də daxil olmaqla, əksər dinlər qadın bədəninin ictimai yerlərdə və ona tanış olmayan kişilərə açıq, görünən olmasına qarşı çıxır. Bu kimi dini görüşlər qadının cinsi üzvlərinin müayinə və müalicəsi ilə məşğul olacaq kişi ginekoloqlara müraciət etməsini məqbul saymır.

Hətta dini inanclara görə, qadın digər xəstəliklərdə də yalnız qadın həkimin olmadığı halda, və ya qadın həkimin təcrübəsi az olduqda kişi həkimin yardımından istifadə edə bilər"- deyə, Mahmudova, Loyola Universitetinin Qadın və Gender Araşdırmaları Programının məzunu izah edir.


Dövlət Statistika Komitəsinin 2018-ci il hesabatına görə, ölkədə 1762 ginekoloq fəaliyyət göstərir

Stereotiplər ikibaşlı rol oynayır: Mahmudova əlavə edir ki, kişilərin ginekologiya sahəsində ixtisaslaşması mühafizəkar baxışa əsasən ona görə qəbulolunmazdır ki, "əsl kişi" ciddi işlə məşğul olmalıdır, uşaq doğuşu və ya başqa "qadın məsələləri" ilə yox.

"Ənənəvi gender rollarına görə, qadına daha çox qayğıkeş, şəfqət göstərən rollar aid edilir, kişilərin isə daha çox zabitəli işlərlə məşğul olması cəmiyyət tərəfindən gözlənilir.

Buna görə də bir kişinin qadının cinsi üzvləri, doğuş prosesi və s. kimi yalnız qadına aid olan bədən hissələri və həyati proseslərlə məşğul olacaq bir sənət sahəsini seçməsi cəmiyyətə görə onu femininləşdirir, zəhmini azaldır, ənənəvi kişilik obrazından yayındırır".

Dövlət Statistika Komitəsinin 2018-ci il hesabatına görə, ölkədə 1762 ginekoloq fəaliyyət göstərir.

Bu sahədə işləyən kişilərin sayına dair isə komitədə məlumat yoxdur.

Bəzi kişi ginekoloqlar isə əmindir ki, onların sayı getdikcə artır və cəmiyyət tərəfindən qəbul olunmağa başlayırlar.

Ölkənin ilk kişi ginekoloqlarından biri, 47 yaşlı İslam Mahalov deyir ki, bu sahədə ixtisaslaşmağı seçən kişilərin sayı çoxalmaqdadır.


İslam Mahalov qinekoloq olmağa Almaniyada oxuyarkən qərar verib

Mahalov ginekoloq olmağa Almaniyada ordinatura (təcrübi tibb aspiranturasının bir növü) keçərkən qərar verib.

1995-ci ildə Azərbaycan Tibb Universitetindən Almaniyaya göndərilən 4 və 5-ci kurs arası 3 tələbədən biri olan Mahalovun orda kişi ginekoloqlarla tanışlığı bu sahəyə marağını artırıb.

"O vaxtlar Azərbaycanda bu sahədə çalışan kişilər yox dərəcəsində idi. Təbii ki, normal qarşılanmırdı. Xüsusilə yaşlı həkimlər, mamaçalar tərəfindən. Hətta biz tələbə olanda doğuşa girən zaman deyirdilər ki, "bığlı-saqqallı kişilər özlərinə peşə seçib" - deyə, Mahalov xatırlayır.

Bununla belə, o, özünə uğurlu bir iş qurmağa nail olub, hətta ikinci qızının doğuşu zamanı qeysəriyyə əməliyyatını özü həyata keçirib.

Hazırda Mahalov daha çox kişinin ginekologiyaya doğru yönləndiyinə şahid olduğunu deyir.


Sovet yazıçısı Anatoli Rıbakovun "Arbat övladları" kitabının almanca versiyası Mahalovun iş masasının üzərində. Ümumiyyətlə doktor Mahalov alman dilində mütaliə etməyi sevir

"Zaman keçdikcə, "kişidən ginekoloq olmaz" deyənlərin də sayı azalır. İndi hətta regionlarda belə var. Gəncədə, Lənkəranda... Mən tibb universiteti tələbələrinə mühazirələr oxuyuram. Onların arasında belə, ginekologiyanı seçmək istəyənlər çoxluq təşkil edir", o bildirir.

Bundan başqa, Mahalov pasientlərin özlərini rahat hiss etməsinə əmin olmaq üçün xüsusi yanaşma tətbiq etdiyini deyir.

Məsələn, heç vaxt pasiyentləri tək müayinə etmir, otaqda həmişə qadın həmkarlarından biri olur.


Qair İsayev hesab edir ki, əsas məsələ professional davranmaq və işinin öhdəsindən gəlməkdir (Foto: Qair İsayevin arxivi)

37 yaşlı Qair İsayev 2012-ci ildən bəri Lənkəran Şəhər Xəstəxanasının nəzdindəki Perinatal Mərkəzdə ginekoloq-cərrah işləyir.

O da bu işdə özünü təsdiq edənə qədər ciddi-cəhdlə əmək sərf edib.

Cənub bölgəsi əsasən mühafizəkarlığı, dinə və patriarxal dəyərlərə bağlılığı ilə seçilən yerdir. İsayev deyir ki, işə ilk başladığı ərəfədə yaxın çevrəsi ona bildirmişdi ki, orada çox duruş gətirə bilməz.

"O vaxt 3 il demişdilər, amma artıq yeddinci ildir ki, buradayam".


Qair İsayevin iş otağının divarını aldığı sertifikatlar bəzəyir

Doktor İsayev Sumqayıtda doğulub, orta məktəbin yarısını Sumqayıtda, yarısını Belarusda oxuyub.

Bakıda ali məktəbi bitirəndən sonra Ukraynaya işləməyə yollanıb.

O, Azərbaycan Tibb Universitetində tələbəykən ölkənin baş ginekoloqu, mərhum Zemfira Topçubaşovanın mühazirələri onu ginekologiyaya həvəsləndirmişdi.

İş həyatına qədər şəhər mühitində yaşamış birinin heç vaxt olmadığı, mühafizəkarlığı ilə seçilən bir bölgəyə ginekoloq kimi gəlməsi ilk başda çətinliklər yaratsa da, İsayev davam gətirə, özünü bu cəmiyyətin bir parçasına çevirə bilib.

"Mühafizəkar bölgə, adət-ənənə, din məsələsi yeni gəldiyim vaxtlar mənə çox çətinlik yaratdı. İlyarım, iki il bu baxımdan çox əziyyət çəkdim. İlk zamanlarda heç pasientim olmurdu. Doğuşa mamaça girirdi, məni qoymurdular", - deyə Qair İsayev əlavə edir ki, həkimlə mamaça arasında fundamental fərq var və buna əhəmiyyət verməmək doğuş edən qadın riskə ata bilər.

İsayev qeyd edir ki, mentalitet sadəcə kənd icmaları üçün keçərli deyil.

"Təkcə Lənkəranda yox, ümumiyyətlə, Azərbaycanda kişilərin ginekoloq kimi işləməsi çətin qəbul olunurdu. O vaxt Bakıda belə az sayda kişi ginekoloq vardı".

Lənkəran Şəhər Xəstəxanasının nəzdindəki Perinatal Mərkəz 7 rayonu əhatə edir. Lənkəran, Biləsuvar, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Astara rayonlarından olan ağır xəstələr bura gətirilir.

Qair İsayev deyir ki, yeni gələndə ən ağır xəstələri ona yönləndirirdilər.


"İstədilər anti-reklam olsun, amma əksinə, reklam olundum", - İsayev gülür.

Onun sözlərinə görə, pasientləri arasında çox mühafizəkar dindarlar da var, lakin həkimin peşəkarlığı və bacarığı cinsiyyət məsələsini geridə qoyur.

"Əksər qadınlar həyat yoldaşı ilə gəlir. Hamiləliyin 9-cu ayında artıq qadını doğuşa hazırlayanda özündən soruşuruq: "İstəyirsizmi sizin doğuşunuzda iştirak edək?" İstəmirlərsə, həkimi özləri seçirlər".

Doktor Mahalov da həmkarı ilə razılaşır ki, peşələri cinsə görə bölmək doğru deyil.

"Kim olursansa ol, əsas odur işinin peşəkarı ol", o deyir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          746 11.05.19 19:53