Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |    

Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək

İyul-avqust ayları ərzində füsunkar gözəlliyi və əsrarəngiz təbiəti ilə görənləri heyran edən Gədəbəydə respublikamızda ilk dəfə olaraq milli-mədəni dəyərlərimizi, tariximizi və bir sıra ənənələrimizi özündə əks etdirən Milli Yaylaq Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, həmin aylar ərzində Gədəbəy rayonunun Miskinli yaylağının ərazisində orijinal üslubda “Yaylaq Yurdu” adlı etnoqəsəbənin yaradılacağı nəzərdə tutulub.

Etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, Yaylaq (kənd təsərrüfatı) bazarı, Sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), Yaylaq yatağı ( kənd təsərrüfatı heyvanları üçün yerlər), Pəhləvan meydanı (yarış sahəsi), “Aşıq Ələsgər” ocağı, Yaylaq süfrəsi (yaylaq mətbəxi) və digər tematik sahələr yaradılacaq.

Yaradılacaq etnoqəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Avqust ayının ilk yarısında etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək.

Milli Yaylaq Festivalı şərti olaraq 3 hissədən ibarət olacaq: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və ekoetnoturizm.

Mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, səhnələr, tamaşalar, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla-mindi) təşkil ediləcək, yaylaq mətbəx nümunələri (odun üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) bişiriləcək, qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının, müalicəvi dağ bitkilərinin satış-yarmarkası olacaq.

Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların (avarlar, molokanlar, talışlar, yəhudilər, ləzgilər və sair) nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

Milli yaylaq oyunları adlı hissədə Yaylaq (idman) oyunları şərti adı altında qədim tarixə malik yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışmalar və nümunəvi çıxışlar təşkil olunacaq. Yorğa at yarışları (müxtəlif məsafələrdə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (Kəmər güləşi) keçiriləcək.

Bununla yanaşı, atlar üzərində igidlik, atüstü milli oyunlar (Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırma, zorxana, kəndirbazlıq, oxatma kimi maraqlı oyun və yarışlar təqdim ediləcək.

Festivalda qonaqlar və turistlər arasında masa (ağacçəkmə) güləşi, Arkan (kəndir) dartma, nərd yarışı, “çuvalqaçdı” kimi kütləvi oyun-yarışmalar təşkil ediləcək.

Festivalın ekoetnoturizm hissəsində turistlər üçün xüsusi etnoqəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda, dəyələrdə qalmaq imkanı yaradılacaq. “Yaylaq bir gün” adlı hissədə turistlər şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət edəcəklər.

Etnoqrafik ekoqəsəbədə bir gün yaşamaq, inək və ya qoyun (keçi) otarmaq, onları sağmaq, ot biçmək (taya düzəltmək), atlara qulluq etmək, nehrə çalxalamaq, tətbiqi sənətlə məşğul olmaq, milli mətbəx nümunələri bişirmək və qidalanmaq, dəyədə gecələmək və sair kimi şərait yaradılacaq.

Bununla yanaşı, festival iştirakçıları üçün bölgənin məşhur yerlərinə - Koroğlu qalasına, Mahrasa məbədinə, Qız qalasına və digər tarixi məkanlara, maraqlı yerlərə atla gəzintilər, səyahətlər təşkil ediləcək. “Alman izləri” adlı xüsusi ekskursiyalar, habelə ayrı-ayrı məkanlara səyahət üçün imkan yaradılacaq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 199 09.05.19 12:21