Azərbaycanlı paralimpiyaçı haqqında çəkilmiş film beynəlxalq festivalın proqramına düşüb.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, müəllifi Mariya İbrahimova olan "Uçmaq istəyirəm" (I want to fly) filmi "İtaliya-Azərbaycan" beynəlxalq film festivalında nümayiş olunub.
Yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın qala gecəsi baş tutacaq. Qala gecəsində festivalın qalibləri elan olunacaq.
Filmin qəhrəmanı yol qəzası nəticəsində onurğa zədəsi almış və o gündən etibarən əlil arabası istifadəçisi olan Kamal Məmmədovdur. Qəzadan sonra o yataq xəstəsi olsa da, sınmayıb. Əzmkarlığı, iradəsi və ailəsinin dəstəyi ilə yaşamağa və yeni uğurlar qazanmağa davam edib. Kamal Məmmədov öz fəaliyyəti ilə cəmiyyətə fayda verməkdə davam edir. O hazırda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibidir.
Layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.//milli.az