Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi Atatürk parkında ağacların kəsilməsinə dair yayılan məlumata münasibət bildirilib.
Birliyinin baş direktoru Vaqif Novruzov oxu.az-a açıqlamasında bildirib ki, hazırda Bakı Şəhər İcra və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Atatürk parkında tam yenidənqurma işləri aparılır:
“Həmin işlər çərçivəsində ərazidəki ağacların budanması, yenilənməsi prosesi gedir. Orada heç bir ağacların kəsilib, götürülməsindən söhbət gedə bilməz”.
“Parkda ağacların qurumuş hissələri kəsilir. Yeni layihə olacağı üçün orada yeni ağac, gül əkilməsi də nəzərdə tutulub”, - deyə birliyin baş direktoru qeyd edib.
Qeyd edək ki, sosial şəbəkələrdə Atatürk parkında ağacların kəsilməsi barədə məlumatlar yayılıb.