Biz dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni təklifləri qanunvericilik bazasına daxil etmək təşəbbüsündən çıxış etmişik.
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu gün ölkədə peşəkar kadrlar daha çox özəl sektora üz tuturlar:
“Bu da ona görə baş verir ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda əməkhaqqı daha yüksəkdir. Peşəkar kadrları dövlət sektorunda saxlamaq üçün motivasiya yönlü addımlar atılmalıdır”.
DİM sədri bildirib ki, hər bir dövlət qulluqçusu öz işində meyarları əvvəlcədən bilib işləyəndə o, daha həvəsli olacaq:
“Maaşın da müsbət təsiri olacaq. Bu, gənclərin dövlət qulluğunda işləmək üçün motivasiyalarını artırmış olacaq, peşəkar mütəxəssislər işləmək üçün dövlət sektorundan özəl yerlərə keçməyəcəklər.
Hazırkı mövcud qanunvericilikdə də dövlət qulluqçularının qiymətləndirilməsi sistemi var. Amma bu fəaliyyətin nəticəsi yalnız mənəvi baxımdan dəyərləndirilir. Yəni pisdirsə, töhmət, yaxşıdırsa, təşəkkürnamə ala bilər. Bu fəaliyyətin nəticəsi dövlət qulluqçusunun əməkhaqqına heç bir təsir göstərmir”.//oxu.az