Bakı Ağır Cinayətlər Məhkəməsində Dostəli Abuzərovun (1979-сu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ötən il sentyabrın 16-da Suraxanı rayonun "Zeytun bağları" adlanan ərazisində Dostəli Abuzərov qonşusu Sərsəng Qədirovu (1977-ci il təv.) bıçaqlayaraq, qəsdən öldürüb. Hadisə yerindən qaçan D.Abuzərov Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.
Məlum olub ki, Yeni Suraxanı qəsəbəsində yaşayan Dostəli Abuzərov 2006-cı ilin may ayında Salyan rayon sakini Qüdrət Malıyevi ov tüfəngindən açdığı atəşlə qətlə yetirib və meyitini həyətində gizlətib. Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum olunub və 2017-ci ildə azadlığa çıxıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış yanvarın 28-nə təyin edilib.