Müharibəni çəkən operator: “O vertolyot vurulsaydı günahı mənim üstümdə qalacaqdı” - MÜSAHİBƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |    

Müharibəni çəkən operator: “O vertolyot vurulsaydı günahı mənim üstümdə qalacaqdı” - MÜSAHİBƏ

Kulis.azın müsahibi operator Nizami Abbasdır.
 
Nizami Abbas Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VQİK) kinooperator fakültəsini bitirib. 1974-1975-ci illərdə "Lenfilm" kinostudiyasında operator köməkçisi işləyib.
 
“Şeytan göz qabağında”, “Afroditanın qolları”, “Yaşa qızıl balıq yaşa” və başqa filmlərin quruluşçu operatoru olub. Amma bizim müsahibəmiz onun operatoru və rejissoru olduğu sənədli filmləri, Qarabağ müharibəsindəki fəaliyyəti haqdadır.
 
- Nizami müəllim, sizi ekstremal filmlər operatoru adlandırmaq olar?
 
- Yox, qətiyyən. Mənim üçün janr məhdudiyyəti yoxdur. Düzdür, ekstremal şəraiti çəkmək daha çətindir, nəinki bədii səhnələri çəkmək.
 
- Ekstremal situasiyanı çəkmək üçün operatorda hansı keyfiyyətlər tələb olunur?
 
- Bunlar hamısı daxili hisslərə, intuisiyaya bağlıdır. Mənim taleyimə daha çox müharibəni çəkmək düşdü. Yaradıcılığımla bağlı soruşanda deyirəm ki, mənim yaradıcılığım yoxdu, başdan-ayağa dərddir. Bu nə yaradıcılıqdır?!
 
- Əksinə, mühüm, tarixi bir işlə məşğul olmusuz. 1988-ci il meydan hadisələrinin xronikasını yaradanlardan da biri sizsiz. O dövrdə kinostudiyada mühit necəydi? Yuxarıdan təzyiqlər olurdumu ki, hadisələri lentə almayasınız?
 
- Necə oldu ki, meydan hərəkatının operatorlarından biri mən oldum? Meydanda hadisələri gördüm, gəldim kinostudiyaya. Operator Zaur Məhərrəmovla görüşüb  dedim ki, sabah meydana çəkilişə gedirəm. Hadisələri də kinolentə çəkirdik. İşlədiyim filmlərdən az-az lentlər qalmışdı. İki-üç kaset götürüb getdim meydana. Zaur müəllim təbii ki, narahat idi. O vaxt dövlət televiziyasına meydanı çəkmək qadağan olunmuşdu. Buna baxmayaraq mən getdim. Çəkdiyim lenti gətirdim kinostudiyaya, dedim, ora çox möhtəşəmdir. Zaur müəllim kinostudiyanın direktoru Ramiz Fətəliyevlə görüşdü, bundan sonra meydana Zaur Məhərrəmov, Köçəri Məmmədov, Rəfael Salamzadə, Bağır Rəfiyev gəldi. Deyim ki, hər operator da gəlmirdi meydana. 18 gün, 18 gecə biz meydanda qaldıq. Hərəmiz başqa-başqa nöqtələrdən çəkirdik. “Abşeron” mehmanxanasında yerləşmişdik, Ramiz Fətəliyev də gəldi, orada bir baza yaratdıq. Ordan da çəkilişlər edirdik. “İnturist” mehmanxanasında Bağır Rəfiyev, rejissor Nizami Müsayev idi. Yəni heç kəs göstərişlə gəlmədi. Hamı könüllü idi. Amma bununla belə bütün kinostudiya meydana gəlmişdi. Məsələn, Adil Qulamov səs yazırdı, onda səsyazma studiyasında işləyirdi. Bizim Elbrus (qrimçi Elbrus Vahidov nəzərdə tutulur - S.S.) Nemətə saqqal düzəldir, cürbəcür qrimlər edirdi ki, camaatın içinə çıxa bilsin.
 

 
O hadisələrdə 18 gün evə getmədim. Yoldaşım oğlumu götürüb məni görmək üçün meydana gəlirdi.
 
- Orada müxtəlif nöqtələrdən çəkilişlər var: yuxarıdan, tribunadan, ümumi, portretlər... Siz hansını çəkmisiz?
 
- Mən hamısına çatdırırdım. Ən çox portretləri... İnsan üzləri mənim üçün həmişə maraqlı olub.
 
- Sənədli film haqda deyirlər ki, o görünməyəni göstərməlidir. Bu mənada meydan hərəkatında elə nüanslar vardı ki, lentə düşməyib, amma yaddaşınızda qalıb?
 
- Meydan hərəkatında təxribata əl atan qüvvələr vardı. İstəmirdilər o çəkilsin. Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları mülki formada gəzirdilər. Bir hadisə oldu, ordan bildim ki, o mülki geyimli adamlar iğtişaş yaratmaq istəyirlər. Millət o qədər mütəşəkkil idi, elə bir ab-hava vardı ki, orada bir nöqsan tutmaq olmazdı. Meydanda iki dəfə döyüldüm. Şayiə buraxırdılar ki, ermənilər üçün çəkirlər. Həmin mülki geyimlilər insanları qızışdırırdılar, imkan vermirdilər işləyək. Bir dəfə “İnturist” mehmanxanasına kimi apardılar, kameranı əlimdən aldılar, hətta lenti yandırmaq istəyirdilər, amma aça bilmədilər. Sonra başa düşdülər ki, səhv edirlər. İnsanların əsəbi dövrü idi, hər şeydən qıcıqlanırdılar.
 
Meydan hərəkatı dekabrın 4-dən 5-nə keçən gecə dağıdıldı. O günü necə xatırlayırsız?
 
- Bağır Rəfiyev “İnturist”dən meydanın dağıdılmasını çəkirdi. Mən təklif elədim ki, aşağı düşüm, meydanın içini çəkim. İcazə vermədilər ki, bütün zəhmətimiz hədər gedə bilər. Çəkilən lentlər həmin gün mehmanxanadan çıxırdı ki, ələ keçməsin. Bilmirəm, indiki direktorlar bunu edərdimi, amma Ramiz Fətəliyevdə bu cəsarət vardı. Bunu 20 Yanvarda da gördük. Meydanın dağıdılmasını yuxarıdan çəkdik. İkinci kameramızın içində yanmış lent vardı. Gəlsəydilər, onu verəcəkdik. Mehmanxanada işləyən xadimə qadınlar bizə çox kömək edirdilər. Bir məqam oldu, meydan dağılan gün Fətəliyevlə dəhlizdə idik, pilləkənlə qalxan ayaq səsləri eşitdik, düşündük, yəqin əsgərlərdir. Lenti Fətəliyev köynəyinin arasında soxdu, digər lentləri xadimə qadınlara verdik ki, gizlətsinlər... Zibil qabında gizlədilən lentlər vardı. Sonra mənlə Zaur Məhərrəmov, hərəmizdə bir kamera meydana düşdük. Bir səhnə var, sovet əsgəri Azərbaycan bayrağını atır, onu söyə-söyə çəkmişəm. Nifrətimizi gizlətmirdik.
 

 
- 20 Yanvar faciəsini də lentə alan kinostudiya əməkdaşları idi...
 
- 20 Yanvardan əvvəl “Salnamə” sənədli filmlər studiyasında bir qərargah yaranmışdı. Rejissorlar Xamis Muradovla Tofiq Məmmədov rəhbərlik edirdi. Belə hadisələrin birinci rejissoru operatordur. Ekstremal şəraitdə hadisə rakurslar, iri, geniş planlar baxımından elə çəkilməlidir ki, o montaj oluna bilsin. Yəni bir nöqtədən durub çəkməklə iş bitmir. Orda hadisənin içinə girmək, detalları göstərmək lazımdır. Belə hadisələri çəkmək çox çətindir, xüsusən gülləboran olunan yerdə. Bilmirsən, düşmən hansı tərəfdən gələcək. Müharibədə də belədir.
 
- Dediyiniz qərargah yanvar hadisələrindən əvvəl yaranmışdı. Onda qırğın olduğunu kimsə bilmirdi. Bəs bu qərargah hansı zərurətdən yarandı?
 
- Yanvar hadisələrindən əvvəl sərhədlərdə atışmaların olduğundan məlumatlı idik. O dövrdə Azərbaycanın başqa bölgələrindən sərhəd rayonlarına güclü axın vardı. 20 Yanvardan əvvəl Laçın istiqamətinə getmişdim, faciə baş verən günü də orada olmuşam. Laçına  gələndə gördüm ki, hər yerdən insanlar var. Ov tüfəngi ilə artıq adamlar gəlirdi. 1990-cı ilin yanvarın 10-11-i idi. Bakıda belə bir faciənin olacağı ağlımıza gəlməzdi. Yanvar hadisələrini operatorlar Rafiq Quliyev, Etibar Cəfərov, Pribaltikadan qadın operator vardı, onlar çəkiblər. Operator İsrafil Ağayev yaşadığı evin balkonundan çəkib, sonra binanı da gülləboran etdilər. Həmin günü ermənilər də Laçını güclü atəşə tutdular... “Vremya” proqramı göstərdi ki, Bakıya qoşun yeridilib. Ordan bildim. Uzun saçlı, xəncərin ucunda alma-armud yeyən silahlıları göstərirdilər. O kadrı televizordan çəkdim.
 

 
- Maraqlı filmlərinizdən biri 1990-cı ildə çəkdiyiniz “Sərhəd” filmdir. Həm də rejissor olmusuz.  Onun tarixçəsi necə olub?
 
- Rüstəm Behrudinin qardaşı İlham dedi ki, Naxçıvana gedək. İlham hərəkatın fəallarından idi. Meydanda mənə assistentlik edirdi. Dedi, orda maraqlı hadisələr baş verir, onu çəkmək lazımdır. Bu plana salınmamış film idi, kameranı götürüb gedəsən - bu cinayət məsuliyyəti idi. Sadəcə, Zaur müəllimə dedim ki, mən gedirəm çəkilişə.  Sonradan “Sərhəd” filmini plana saldılar. Kirovun heykəlinin ləğvindən bəhs edən “Sürüşmə”ni də plansız çəkmişdim, onu da sonradan plana saldılar. Amma 1991-ci ildə ”Sərhəd” filmini televiziyada göstərmədilər. Dedilər, orda sərhəd simləri olan planları çıxar. Mən də etiraz elədim. O filmi ilk dəfə Fransanın üçüncü kanalı göstərib. Bu filmi çəkmək üçün iki dəfə getmişəm, bir dəfə fevralda, ikinci dəfə martda. Sərhəd qoşunları çəkilişə imkan vermirdi. Məni tutdular. Komandir Jukov vardı. Şahmərdan Cəfərov onda onu yerə yıxmışdı.  Onu fiziki cəhətədən başa salmışdılar ki, mane olsan, sənin üçün təhlükəlidir. Naxçıvan camaatı o zabitləri bir günə qoydu, xahiş elədim ki, işiniz olmasın. Onlarda qorxu hissi vardı. Həm də Naxçıvanda xalq hərəkatı çox fəal idi. Bütün qoşun rəhbərliyi hərəkata rəhbərlik edən adamlarla razılaşmaq məcburiyyətindəydi. İkinci dəfə gedəndə bir hadisə oldu. Çayxanada oturmuşduq, bir fotoqraf dostumuz da bizləydi - Oqtay Daşoğuz. Gördüm, bir oğlan oturub, cənubluya oxşayır, bikefdir, qaçaq yolla bu tərəfə keçmişdi. Soruşdum ki, niyə bikefsən. Dedi, bir qohumumu görməyə gəlmişəm, ailə qurmaq istəyirəm. Babamın arzusu olub ki, bu taydan evlənim, amma qızı keçirə bilmirəm. Dedim, səni o taya keçirərəm. Qızın ailəsi ilə tanış olduq. Onda mən də o taya keçmək istəyirdim ki, bu hadisəni çəkim. Yaxşı ki, alınmadı, yoxsa başqa film alınardı. Fəallar sərhəd qoşunlarının rəhbərliyi ilə danışıqlar apardı, rezin qayıqla onları o taya keçirdik. Qayıqlardan biri sərhəd siminə ilişdi, deşildi, kamera qatlandı. Bu yüklə keçmək mümkün deyildi, ona görə keçə bilmədim. 1990-cı il martın 20-də ilk keçid oldu Cənubi Azərbaycana, Culfa körpüsü ilə. Onda sərhəddə sovet bayrağı idi, dedim ki, o bayrağın yerinə bizim bayraq olsaydı nə olardı ki?! Fəallar sovet bayrağını çıxarıb, bizim bayrağı asdılar. 
 
- Maraqlı işlərinizdən biri Cənubi Azərbaycanda zəlzələ olan bölgədən çəkdiyiniz “Qəm karvanı” filmidir. Dəhşətli kadrlar var, xüsusən də adamların qəbirlərin başında hissiz-duyğusuz oturması...
 
- Zəlzələnin nəticələrini çəkmək üçün mən, redaktor İmran İsmayıl, assistentim, Ağamalı Sadiqin oğlu Nofəl və sürücümüz Tofiq getdik. Bir gün imkan verdilər çəkilişə. Bələdçilərimiz yolda saxlayırdılar, yeyib-içməklə başımızı qatırdılar ki, çəkiliş etməyək, dedim, yeməyə gəlməmişəm. Çəkilişlər Zəncanda idi. Nəzarət güclüydü. Bir günə çəkdik, müşahidə filmiydi. Xarabalıqlarda, qəbirlərin başında oturan adamlar kameranı hiss etmirdilər, onlar öz dünyalarında idi. Məzarın üstündə yatırdılar.
 

 
- Siz səhv eləmirəmsə Qarabağa ilk dədə döyüşçü kimi getmişdiniz.
 
- İlk dəfə elə getmişəm, amma kamera həmişə yanımda olub. Kinokamerayla gedirdim, 1991-ci ildən videokamerayla. Kinostudiyadan heç kim məni göndərmirdi, özüm gedirdim. Kinokamerayla tək hərəkət etmək çətiniydi, assistentim Elmar Hüseynovla gedirdim. 1989-cu ildə Xankəndinə bitişik kənd var, Kərkicahan, ora getmişdim. Orda Bakıdan getmiş idmançı könüllülər vardı, rəhbəri Elxan idi, soyadını bilmirəm. Şuşada bu uşaqlarla görüşdüm. Onda çəkiliş məqəsdilə getmişdim. Kərkicahana bağlandım. Kinostudiyadan işarə fişəngi götürmüşdüm, bir də beşatılan tüfəng vardı. Xankəndi ilə Kərkicahanın arasındakı dərədəki körpü neytral zona sayılırdı. Körpüdə də rusların bir texnikası vardı. Kənddə guya çox silah var imitasiyasını edirdik. Tutaq ki, mən işarə fişəngini atanda, o tüfəng də ordan bura, burdan ora atmalıydı. Fişəngi atanda külək istiqamətini dəyişdi, fişəng evlərdən birinin damına girdi. Ev yanmağa başladı. Ruslar başladı atəşə tutmağa. Nəsə birtəhər çıxdıq ordan... Olub ki, 1989-cu ildən QAİ maşınıyla Salyan kazarmasından Qubadlıya silahlar aparmışıq. Ordan da Laçın istiqamətinə bölünməliydi. Maşının oturacağının altında silahlar idi, mən də kinokamerayla. İmkanlı laçınlılar da silahla təminatda kömək edirdilər. Çox şey olurdu. Müharibədən danışmaq çətindir mənə.
 
Amma lazımdır...
 
- Bilirsiz niyə danışa bilmirəm? 1992-ci ildə aldığım ən böyük mənəvi zərbə Laçın gedəndə oldu. Çünki həmin günlərdə Şuşadan o qədər texnika yanımızdan keçib Bakıya getdi, bizi tək qoydular. Bilmirdim, Şuşada bu qədər texnika varmış. Yerli alaydan başqa və müxtəlif bölgələrdən olan dəstələrdən başqa kimsə qalmamışdı Laçında. Adamı yandıran odur. Digər rayonlarda da eyni şey oldu, ordu idarəolunmaz hala gəlmişdi.
 

 
- Müharibənin önəmli simaları ilə ünsiyyətdə olmusuz... Əliyar Əliyev, Elman Hüseynov, Yusif Mirzəyev, Vəzir Orucov və başqaları. Qısaca necə xarakterizə edərdiniz onları.
 
- Yusifdən başlayaq. Niyə məhz Yusif? Milli azadlıq hərəkatı zamanı tez-tez Yusif adlı adamın adı çəkilirdi, sonradan bildim ki, bu Yusifdir. Yusifin Gənc Tamaşaçılar Teatrının yanında böyük bir kafesi vardı. Özü də Xalq Təsərrüfatı İnstitutunu bitirmişdi, ticarəti yaxşı bilirdi. O kafedən yemək gətizdirirdi meydana. Onların ailəlikcə meydana xüsusi münasibəti vardı. Ümumiyyətlə, meydana yemək gətirən adamlar çox idi, biri də Yusif idi. Sonradan Yusifi səngərdə gördük. Müharibə mühitində insanlar daha yaxşı tanınır. Siz Milli Qəhrəmanların adını çəkdiniz. Amma bilirsiniz ki, nə qədər naməlum qəhrəmanlar vardı. Məsələn, Laçın bölgəsində Vaqif Salmanov... Onun bacısı oğlu Cin Mübariz. Bu günədək Mübarizin nə ölüsündən, nə dirisindən xəbər yoxdur. O, Laçının işğalından sonra yaşaya bilmirdi. Tarana getdi. Əsir düşən qadınları xilas etmək üçün dayısı ilə birlikdə yaraqlıların üstünə getdi. Dayısının meyitini verdilər, Mübarizin yox.
 
- Torpaqların müdafiəsində bu insanların rolu böyük olub. Məsələn, demək olar ki, Əliyar Əliyevin ölümü Qubadlının işğalına təsir etdi?
 
- Yaxşı yadıma saldınız. Səhv eləmirəmsə, 1992-ci ilin oktyabr, ya noyabr ayı idi. Bir çəkiliş qrupu Tahir Qarayev, Tahir Əliyev Qubadlı, Vaqif Dərgahlı Füzuli, Seyidağa Mövsümlü Ağdam istiqamətində idi. Mən də Kəlbəcər istiqamətindəydim. Laçın-Kəlbəcər istiqamətində uğurlu əməliyyat olmuşdu, xeyli kənd azad edilmmişdi. 701-ci briqadanın komandiri Zaur Rzayevin rolu vardı bunda. Əsl komandir idi. Növbəti əməliyyat olmalıydı, ona ratsiya ilə xəbər gəldi, mən də yanında idim. Soruşdu ki, Əliyar Əliyev kimdir? Dedim, nə olub? Dedi, onu vurublar. Dedim, Zaur müəllim, Əliyarı vurublarsa, əməliyyat baş tutmayacaq. İlk sözüm bu oldu.
 
Həmin əməliyyat idi?
 
- Laçın dəhlizi bağlanmalı idi. Qoşunlar hər iki tərəfdən irəliləyərək Laçında görüşməliydik.
 

 
- Müxtəlif döyüş əməliyyatlarında iştirak etmisiz, lentə də almısız. Yadınızda qalan əməliyyatlardan birini danışmanızı istərdim.
 
- Bütün döyüş əməliyyatlarında maraqlı məqamlar olurdu.  Ağdərə istiqamətində Şişqaya əməliyyatı gedirdi. Tərtər özünümüdafiə, Goranboy və Mingəçevir batalyonlarının iştirakıyla. O əməliyyata Milli Qəhrəman Elman Hüseynov rəhbərlik edirdi. Avqust ayı idi. Əslində, bundan da geniş əməliyyatlarda iştirak etmişəm. Şişqaya ona görə yadımda qalıb ki, sakit təbiətli, soyuqqanlı Elman Hüseynovla və Vəzir Orucovla görüşdüm. Deməli, ermənilər yemək bişirməyə hazırlaşırdılar. Vəzir də 20-yə yaxın qüvvəsiylə düşmənin arxa tərəfindəydi, mən də Elman müəllimin yanındayam. Gözləyir ki, Vəzir xəbər versin, biz başlayaq. Elə oldu ki, Vəzirlə rabitə alınmırdı. Sonra bildik ki, Vəzir o qədər ermənilərə yaxın idi ki, səsini çıxarda bilmirdi. O əməliyyatda böyük qələbə qazandıq. Bircə itkimiz oldu, yaralı əsgəri çevirəndə bizim əsgəri yaxın məsafədən vurmuşdu. Orda bir vəziyyət oldu, erməni qəbiristanlığından tank çıxdı, mən yıxıldım, kamera düşdü. Kameranı qaldırdım. Tank dikin arxasından çıxdığı üçün bizi vura bilmir, biz də dikin üstündəyik. Atılan güllələr meşənin yarpaqlarına dəyirdi. Düyməni basdım, kamera işləmədi. Görürəm ki, Vəzir də məqam gözləyir ki atsın. Vəzirin tankı vurduğu anı çəkə bilmədim. Kamera ancaq bir saatdan sonra işlədi. Dilxor idim, çünki belə kadrları biz bədii filmlərdə görə bilərdik. Vəzir soruşdu ki, nə olub? Dedim ki, tankı vuranda çəkə bilmədim. Dedi, əşi, bundan sənin üçün o qədər vuraram, narahat olma! Vəzir çəkilməyi xoşlamırdı. Hərdən fikirləşirəm ki, kaş bugünkü texnika o vaxt olaydı, indi “GoPro” (kamera) çıxıb, biri olaydı Vəzirdə. Nələr eləməyib Vəzir, düşmənlərə nə divanlar tutub...
 
- Özü də Vəzir peşəkar hərbçi deyildi.
 
- Vəzir hər şeyi tez götürürdü, çevik idi, bir yerdə duran adam deyildi. Onun üstündəki silahlara baxın kadrlarda. Əlində iriçaplı pulemyot, çiynində avtomat, bir qumbaraatan, qumbaraları demirəm hələ. Dəmir adam idi. Doğrudan da zirehli qəhrəman idi.
 

 
- Milli qəhrəmanlarla bağlı filmlərin çoxunun işlənməsində yaradıcı, peşəkar yanaşma yoxdur. Bir tamaşaçı kimi qəhrəmanları hiss edə bilmirəm. Siz isə onları doğmalaşdırırsız...
        
- Milli Qəhrəmanlar haqda filmləri plan naminə işləmək olmaz. Bir də görürsən, elə adam danışır, heç döyüş əməliyyatlarnda olmayıb. Bəxtim gətirib ki, onların hamısını tanıyıram, bilirəm ki, kim kimdir. Ya da baxırsan ki, ana danışdı, ata danışdı, bacı danışdı, qonşu danışdı, bir döyüşçü yoldaşı yoxdur. Söz yığnağına çox üstünlük verirlər. Filmdə hadisə yoxdur. Bədii kinoda hadisəni uydurursan, sənədli kinoda isə bunu etmək çətindir. Sənədli kinoda saxtakarlıq, qurama nəsə olanda onu hiss edirsən. Bir də filmi veriliş səviyyəsində edirlər. İrad tutanda sual verirlər ki, sənədli film necə olmalıdır? Bu sualın cavabını bilməyən adam artıq rejissor deyil. Milli qəhrəmanın səviyyəsini aşağı salırlar. Yaxud xronikanın materiallarını bölgələrə uyğun verə bilmirlər. Zəngilanın yerinə Qubadlını göstərirlər, deyirəm ki, bilmirisizsə soruşun. Müdafiə Nazirliyinin sənədli filmlər studiyasında bugünədək arxivlər qorunub saxlanılır. Çəkilişlərə  təmənnasız kömək edirlər, mətbuat xidməti də. Amma əvvəllər belə deyildi. Bu gün o imkanı yaradırlar. Bu filmlərdə məsləhətçi olmalıdır.
 
Mən filmlərimdə onların qəhrəmanlığını qabartmıram. Onların ətrafı daha çox maraqlıdır. Onların ətrafında kimlər vardı. Məsələn, İsgəndər Aznaurovun ətrafında Dilqəm və İlham Əliyev qardaşları vardı, ikisi də peşəkar zabit idi. Müharibə başlayanda anaları Zəhra ana onların xidmət etdikləri Ukrayna hərbi dairəsinə müraciət eləmişdi ki, oğullarımı buraxın, vətəni müdafiə eləsinlər. Hərdən düşünürəm ki, qəhrəmanları qəhrəman edən mühitdir. O mühitdə qəhrəman seçilməliydi. Bu mühit olmasa, qəhrəman ola bilməz bəlkə də. İndi daha çox naməlum qəhrəmanlar haqda film etmək istəyirəm. Elə adamlar var ki, onların qəhrəmanlıqları haqda heç yerdə deyilməyib. Bayaq adını çəkdiyim Vaqif Salmanov, Cin Mübariz...
 
- Siz 1992-1998-ci illərdə Müdafiə Nazirliyinin "Sənədli Filmlər Kinostudiyası"nın rəhbəri olmusuz. Onun yaranması necə oldu?
 
- Müdafiə Nazirliyində o studiya yarananda, ilk məqsəd peşəkarları cəlb etmək olmuşdu. Studiyanın yaranma təşəbbüsü Seyidağa Mövüsmlü ilə məndən gəlmişdi.
 

 
Seyidağa televiziyada, mən kinostudiyada işləyirdim, amma döyüş bölgələrində görüşürdük. Bir-birimizdən xəbərsiz gedirdik. Laçın işğal olan ərəfədə ikimiz də ordaydıq. Birlikdə də tərk elədik. Laçın polkunun sənədlərini də biz çıxartdıq. Orda bir benzindoldurma məntəqəsi vardı, deyirdim gəl partladaq, o qoymurdu ki, bəlkə heç çıxmadıq burdan. Sonra o təklif edirdi, mən imkan vermirdim. Dəhşətli idi, xronikada da var. Hə, onu deyirdim ki, o vaxt studiyaya işləmək üçün peşəkarlar gəlmədi, amma həvəskarlar çox idi. Babək Quliyev, Etibar Şirinov. Ümumiyyətlə, hərbi xronikanın yaranmasında Tahir Qarayevin, Tahir Əliyevin, Fikrət Qafarovun, Ədil Arifoğlu, İlham Yevlaxlının əməyi var. Xocalı faciəsini çəkən də ilk dəfə Seyidağa Mövsümlü olub.
 
Sonradan Nəriman Əbdürrəhmanlı da studiyaya redaktor kimi gəldi. Nəriman ilk dəfə döyüş bölgəsinə mənlə gedib. Gəldik vertolyotla Füzuliyə, amma vertolyot bizi atmalıydı Ağdama. Vertolyot doludu yaralılarla, pilot dedi ki, mən Bakıya getməliyəm. Mən də dedim ki, əmr verilib, Ağdama getməliyəm. Deyir, Ağdamı vururlar, təhlükəlidir. Nəsə risk edib düşdü ora, hərbi səhra hospitalının yaxınlığında. Dayanmaq söhbəti yoxuydu, vertolyot yerə yaxınlaşanda birinci Nəriman tullandı, sonra mən. Vertolyot uzaqlaşan kimi biz olan yerə mərmi atdılar. Sonra fikirləşdim ki, o vertolyot vurulsaydı, məsuliyyəti mənim üzərimdə qalacaqdı, bunu daşımaq mənən ağır olardı mənim üçün.
 
- Filmlərdə adətən oğlunuz Üzeyirlə işləyirsiz. O da sizin kimi Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirib. Necə alınır əməkdaşlığınız?
 
- Yaradıcı kollektivdə inandığın adam olmalıdır. Kino sintetik sənətdir. Montajda Mübariz Nağıyevlə işləyirəm. Montaj rejissoru sözünün arxasında böyük iş durur. Onun yaradıcı münasibəti var. Üzeyirlə çətindir, qoç məsələsi...
 
- Müdaxilə edirsiz işinə?
 
- Müdaxilə edəndə, deyir özün çək. Amma duyumu dəqiqdir, müasirdir, mənim üçün maraqlıdır. Ondan da öyrənirəm. İşıqla da gözəl işləyir. Portretə münasibəti də xüsusidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 765 27.03.18 12:14