Bakıda ailə dramı: 21 yaşlı qızı ölüb, 20 yaşlı oğula ürək köçürülməsə... - VİDEO » Median.Az News Agency


Bakıda ailə dramı: 21 yaşlı qızı ölüb, 20 yaşlı oğula ürək köçürülməsə... - VİDEO
20 yaşlı Cəbrayıl Cəbrayılova ötən ilin fevral ayında keçdiyi müayinə zamanı yanlış diaqnoz qoyulur. Bir müddət dərman qəbul etsə də, problem getdikcə şiddətlənir: "Əvvəlcə dedilər ki, qurdu var. Ondan sonra qurda qarşı 2 ay müalicə yazdılar, gördülər ki, heç bir nəticəsi yoxdur. Təngnəfəsliyim elə olduğu kimi qalır. Ondan sonra yoxlanışa gedəndə dedilər ki, yox, səndə başqa şeydir. Yoxlanışa gedəndə dedilər ki, ürək iki dəfə böyüyüb. Həkimə getdik, həkim də dedi ki, bunun tək çarəsi ürək köçürülməsidir".

Bakıda qoyulan "ürəyin kompakt olmayan kardiomiopatiyası" diaqnozu müayinə olunmaq üçün getdiyi Türkiyədə də təsdiqlənir: "Sadəcə, dərmanlar yazdılar ki, ürək üç-beş il işləyə bilər. Səhiyyə Nazirliyinə müraciət eləmişik. İki dəfə müraciət olunub. Dedilər ki, vəsait yoxdur".

Cəbrayıl deyir ki, xəstəliyi səbəbindən qaraciyər, qarın nahiyəsi və ayaqlarına su yığılır ki, bu da həmin orqanlarda ağrıya səbəb olur. Ona görə də mütəmadi dərman qəbul etməlidir: "Mən dərman atmasam, hardasa iki-üç gün mənim ayağım da, mədəm də şişəcək. Həqiqətən də elə oldu. Hardasa üç-dörd gün dərman qəbul eləyə bilmədim, vəziyyətim daha da pis oldu".

Anası Billurə Qurbanova deyir ki, xəstəliyinə görə Dövlət Dəniz Akademiyasında təhsilini dayandıran Cəbrayılın xəstəlikdən xilası üçün döymədikləri qapı qalmayıb. Qəzalı vəziyyətdəki yataqxana binasında yaşayan Cəbrayılovlar ailəsi 2014-cü ildə avtomobil qəzasına düşüb. Nəticədə onların 21 yaşlı qızı həyatını itirib. İndi valideynlərin tək ümidi Cəbrayılın sağalacağına, normal həyata dönəcəyinədir: "Təsəvvürünüzə gətirin, hər gecə gözünün qabağında gənc bir oğlunun o vəziyyətini görmək nə qədər ağır ola bilər? Mən artıq 21 yaşında qızımı itirmişəm. Biz Allaha həmişə şükür eləyən insanlar olmuşuq. Həmişə də şükür eləyirəm. Necə var, qəbulumuzdur. Övlad üçün adam düşmənə də müraciət eləyər. Çünki övladdır. İnsana övladdan yaxın nə ola bilər ki? Düşmənin də qapısını döyərəm övlad üçün".

Qeyd edək ki, ürək transplantasiyası əməliyyatının icrası Belarus və İsraildə mümkündür. Bunun üçün isə ümumilikdə 200 min dollar vəsait tələb olunur.

Cəbrayıla dəstək olmaq istəyənlər bank hesab nömrələri vasitəsilə maddi yardım göstərə bilərlər: AZ69IBAZ33881019441876340356

Ünvan: Buzovna qəsəbəsi. Rasim İmanov küçəsi.: 1 nömrəli yataqxana

Telefon: (+99412) 453-11-82, (+99450) 520-59-05, (+99455) 238-19-65скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 799 28.01.17 16:48