“Ağzına parça soxdum və cinsiyyət orqanını kəsdim” - Təqsirləndirilən » Median.Az News Agency


“Ağzına parça soxdum və cinsiyyət orqanını kəsdim” - Təqsirləndirilən
Bakı Ağır Cinayətlər Məhkəməsində nəvəsini qətlə yetirməkdə təqsirləndirilən Rakif Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində R. Bayramovun qudası Saleh Həsənov ifadə verib.

Şahid bildirib ki, meyiti onun maşınında Ağdama aparıblar: ""Məni evə çağırdı. Dedi ki, "uşağı öldürüb, gecə saat 2-də evinin qabağına gətirib qoyublar". Məni həyəcan boğurdu. Axı bu uşağı niyə öldürüblər deyə soruşdum? Dedi ki, "heç kimə heç nə demə". Evdə arvadı da var idi. Mən də uşağın Çəmənlidə olduğunu bilirdim. Dedi, gəl rayona sənin maşınınla gedək. Nəvəsinin yasına getdiyimizi demişdi. Yolda maşından iy gəlirdi. Dedim ki, Rakif bu nə iydi? Dedi ki, "fikir vermə, sür". Yolda arvadı da ağlayırdı. Soruşdum ki, bəs bu uşağı öldürüblərsə, meyidi hanı? Qayıtdı ki, "meyit maşındadır". Dəli oldum. Başladım qışqırmağa, onunla tutaşdım. Dedim, gəl qayıdaq, meyidi verək hökumətə. Belə meyit aparmırlar, deyək görək bu uşağı kim, niyə öldürüb? Mən nə qədər yalvar-yaxar elədimsə, fikir vermədi. Maşını mən sürürdüm. Yolda maşını sağa-sola elədim ki, bəlkə polis saxlasın. Mən də düşüb, qaçım. Amma polis saxlamadı. Gəlib kəndə çatdıq. Mənim meyidə əlim də dəyməyib. Özləri yuyub-basdırdılar, icra hakimiyyətindən də adamlar gəldi, yasda başsağlığı verdilər. Ona qədər də uşağı kimin öldürdüyünü bilmirdim. Bir neçə gün keçdi. Binəqədi polisindən gəldilər. Dedilər ki, bu qətldir və uşağın basdırılması iz itirmək üçün edilib. Araşdırmalara başladılar, meyiti çıxardılar. Məlum oldu ki, uşağı Rakif öldürüb. Başımı itirmişdim. İndi də inana bilmirəm ki, uşağı Rakif öldürüb".

O, mərhumun ailəsini incitdiyini və problemlərin yaşandığını da söyləyib: "Qudam deyirdi ki, uşağın tərbiyəsi ilə məşğul ola bilmir. Dəfələrlə atasına deyib ki, gəl uşağı apar, yetkinlik yaşına çatıb. Tərbiyəsi ilə ciddi maraqlanmaq lazımdır. Biz də eşidirdik ki, uşaq nəsə pis əməllər tutur".
Prokuror şahidə sual verib: "Niyə meyidin maşında olduğunu bildikdən sonra polisə müraciət etməmisən? Kəndə çatanda polisə gedə bilərdin".

Şahid Həsənov bildirib ki, yolda qudası onu hədələyib, öldürəcəyini, qətli onun üstünə atacağını deyib: "Mən kənddə çatana, polislər gələnə qədər Turalı kimin öldürdüyünü bilmirdim. Amma Rakif dedi ki, heç nə danışmayım. Mən də qorxdum".

Hakim isə bildirib ki, şahid istintaq zamanı ifadəsində Rakif Bayramovun nəvəsini namus üstündə öldürdüyünü deyib. Hakimin sözlərinə görə, şahidin cinayət hadisəsini bilib gizlətməsi barədə şübhələr olduğundan onun haqqında ayrıca cinayət işi başlanılıb.

Hakim təqsiləndirilən şəxsdən nəvəsini niyə öldürməsinin səbəbini soruşub. Ona səmimi şəkildə etiraf etməsini təklif edib. O isə bildirib ki, nəvəsi tərbiyəsizlik edib, şəhid olmuş oğlunu təhqir edib deyə onu öldürüb. "Uşaq dəfələrlə mənim şəhidlərmi söydü. Mən də onu öldürdüm. Salehi rayona getməyə də mən məcbur etmişəm. O, hər şeyi düz danışır".

Daha sonra təqsirləndirilən şəxsin ilkin ifadəsi elan edilib: "Nəvəmin hərəkətlərinə dözmək olmurdu. Qızım deyirdi ki, narkomanlarla dostluq edir. Hadisə baş verən gün onu danladım və narkoman dostlarını evə gətirməsinə irad bildirdim. Bu zaman o, şəhid oğluma söydü. Mən əvvəlcə yumruqla bir zərbə vurdum. O, huşunu itirib yerə yıxıldı. Bu zaman ağzına parça soxdum və cinsiyyət orqanını kəsdim, lakin dərisindən ayırmadım. Bundan sonra kəndirlə onu boğub öldürdüm. Daha sonra meyiti sellofana büküb çarpayının altına itələdim".

R. Bayramov isə öldürəndən sonra cinsiyyət orqanını kəsdiyini deyib. O, nəvəsinin cinsiyyət orqanını kəsməsini belə izah edib: "Oğlumun qəbrini, mənim də ağzımı söydü. Mən də sübut etmək üçün kəsdim. Amma öləndən sonra kəsmişəm".

Məhkəmədə digər şahid Rakif Bayramovun oğlu Vaqif Bayramov olub. O deyib ki, hadisə günü evə gələndə atasını, anasını və bacısı Ballını görüb: "Evə girərkən sellofan torbaya bükülmüş nəsə gördüm. Amma nə olduğunu soruşmadım. Turalın harada olduğunu soruşanda isə dedilər ki, xəbər yoxdur. Bir müddət keçəndən sonra öldürüldüyünü dedilər".

Prokuror şahidin qətl hadisəsinə bu dərəcədə soyuqqanlı şəkildə yanaşmasına diqqət çəkib və deyib: "Necə ola bilər ki, bacınızın oğlu ölüb, bu dərəcədə soyuqqanlı reaksiya veribsiz? Adamın bir manatı itəndə aləmi dağıdır".

Prokurorun istəyi ilə Vaqif Bayramovun istintaqa ifadəsi elan edilib.

Vaqif Bayramov istintaqa ifadəsində deyib: "Turaldan iki gün idi xəbər yox idi. Bacım Ballıdan soruşanda deyirdi ki, görməmişik. Mən dedim ki, polisə müraciət edək. Anam və bacım polisə deməyimizi istəmədilər. Bir neçə gün sonra evə gedəndə gördüm ki, bir nəfəri salafan torbaya büküb qapının girəcəyinə qoyublar. Nə olduğunu soruşdum. Dedilər ki, öldürüblər. Bizi də öldürəcəkləri ilə hədələyiblər. Atam evdə yox idi. Dedilər ki, heç kimə heç nə demə. Sonra evə qayıtdım. Öz ailəmlə Çəmənliyə getdik. Biz çatanda artıq molla gəlmişdi. Meyit yuyulmuşdu. Sonradan polislər gəldi. Araşdırma aparılanda məlum oldu ki, atam öldürüb".

O, istintaqda və məhkəmədə dedikləri arasında ziddiyyətlər olmasını izah edə bilməyib.
Məhkəməyə həbs edilən Rakif Bayramovun böyük oğlu Rövşən Bayramov da çağırılıb. O, istintaqa ifadəsini təsdiq etdiyini söyləyib.

Proses yanvarın 27-də davam edəcək.

Qeyd edək ki, ötən ilin fevralın 7-də Mübariz Məmmədov Binəqədi rayon Prokurorluğuna müraciət edərək, 1997-ci il təvəllüdlü oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam rayonunun Çəmənli kəndində dəfn edildiyini bildirib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti mərhumun babası Rakif Bayramovun törədildiyi müəyyənləşib. Meyit məhkəmənin qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq ekspertizaya təqdim edilib. Ağdam rayon sakini, 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu boğaraq qətlə yetirdiyini etiraf edib.

(bizimyol.info)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          4 970 17.01.17 18:01