MTRŞ: Sumqayıtın “Dünya” televiziya kanalı efiri “toyxana”ya çevirib » Median.Az News Agency


MTRŞ: Sumqayıtın “Dünya” televiziya kanalı efiri “toyxana”ya çevirib
“Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinqləri nəticəsində Sumqayıtın “Dünya” televiziya kanalında bir sıra xoşagəlməz hallar aşkar edilib”.

Median.Az xəbər verir ki, bunu Report-un sorğusuna cavab olaraq Şuranın şöbə müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, TV-də verilişlərin əksəriyyəti “toyxana” xarakteri kəsb edir.

Şöbə müdirinin sözlərinə görə, bu televiziyanın efirinin əsas hissəsini musiqi klipləri və bayağı musiqili-əyləncəli, şou verilişlər təşkil edir:

“Hətta bəzən eyni şəxs bir neçə verilişə aparıcılıq edir. Lakin peyk vasitəsilə böyük bir arealda yayımlanan yayımçının efirində müəyyən ciddi, səviyyəli layihələrin də olması lazımdır. Teleradio yayımı haqqında qanunvericiliyin də tələbi bundan ibarətdir.

Qanuna görə, kanalların proqram səbətində maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiyalaşmasının, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır. “Dünya” TV-də isə bu tələblərə riayət olunmadığını müşahidə edirik. Yayımçının efirində şəxsi istehsal olan maarifçilik ruhlu verilişlər yayımlanmır”.

T.Dadaşov vurğulayıb ki, TV-də kommersiyalaşma məsələsində də ciddi problemlər var. Şöbə müdiri qeyd edib ki, “Dünya” televiziyasının efirdə bir neçə klinikanın reklamına həsr olunan kommersiya verilişləri yayımlanır:

“Yayımçının efirində gündüz saatlarında milli-mənəvi dəyərlərə zidd məzmunlu mətnlə “Kişi ürəyi” adlı dərman vasitəsinin reklamı efirə verilir. Hazırda yayımçının efirinin monitorinqi davam etdirilir və müvafiq olaraq arayışlar tərtib edilir”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 906 17.01.17 14:29