56 yaşlı “Məcnun"un 32 yaşlı anası 280 manat maaşla "Porsche" sürür - VİDEO » Median.Az News Agency


56 yaşlı “Məcnun"un 32 yaşlı anası 280 manat maaşla "Porsche" sürür - VİDEO
"Bildirçin" bu dəfə Opera və Balet teatrına tərəf boylanıb 32 yaşında Leylini oynayan, iddiası yerə-göyə sığmayan solist Kəmalə Nəsibova ilə söhbətləşdi. Teatrda Məcnunun anasını oynayır. Məcnunu isə xalq artisti Məsum İbrahimov oynayır. Beləliklə, 32 yaşlı Kəmalə 56 yaşlı Mənsum İbrahimovun anası kimi tanınır. Üstəlik, 280 manat əmək haqqı ilə maşınlar, geyimlər alır. Hay-küylü, şaqraq Kəmalə yaman mətləblər bilirmiş, bircə-bircə hamısından bizə danışdı.

Median.Az publika.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Niyə "şou biznesdə" yoxsan?

- Pul var?! Vallah mənim yaxşı pulum olsa, bütün günü efirlərdə olaram. Mən geyimimə, saçıma, çox pul xərcləyirəm. Qalan şeylərə pulum çatmır.

- Efir pulludur?

- Yox, efir pullu deyil. Amma oxuyan o dərəcədə gözəl çıxmalıdır ki səhnəyə, baxanların yarıdan çoxunun zövqünü oxşaya bilsin. Yəni bu qədər millət baxır, necə gəldi geyinib çıxmaq da olmaz axı. Azərbaycanın kanalları çox yerdə göstərilir. Mən xoşlamıram necə gəldi çıxım.

- Sənətdə təzəsiniz, ümumiyyətlə?

- Yox, mən təzə deyiləm. Mən çoxdan oxuyuram. 10 ildir teatrda oxuyuram, teatr səhnəsində çalışıram. Akademik teatrın səhnəsinə hər adam çıxa bilməz.

- Operada vəziyyət necədir?

- Teatrda vəziyyət demək olar ki, əvvəlki kimidir. Demək olar ki, bütün mədəniyyət ocaqları təmirə bağlanıb, amma bizim teatr hələ ki qalıb.

- Hazırda hansı obrazı ifa edirsiniz?

- Dekabr ayında tamaşamız var orada Məcnunun anasını oynayacağam.

- Niyə sizə Leyli verilmir, niyə baş rol verilmir? Bəlkə sizə qarşı kiminsə qəsdi var?

- Mən öz kollektivimdən çox razıyam. Bizim kollektiv siz bildiyiniz kollektivlərdən deyil. Sən də gecə-gündüz çalış, Leyli partiyasını oxu, öyrən. Sonra da ol səhnənin Leylisi. Nə problemdir ki?

- Bəs niyə oxuya bilmirsiniz?

- Oxuya bilmirsiniz yox, bir az çalışmaq lazımdır.

- Demək, o zaman bacarığınız çatmır?

- Niyə bacarığım çatar, mən konservatoriya oxumuşam. Asif Zeynallı adına məktəbi oxumuşam daha sonra konservatoriya daxil olmuşam.

- Nə qədər maaş alırsınız?

- 300 man.

- Vergi ödəyəndən sonra nə qədər qalır?

- 280 manat. Üst-üstə yığılır oğlumun məktəbinə verirəm.

- Bəs nə ilə dolanırsız?

- Mənim yaxşı toylarım var. Toylar olmasa, musiqiçilər dolana bilməz.

- Toya neçəyə gedirsiniz?

- Olar deməyim, gözə gələrəm birdən.

- Yəqin çox bahadır qiymət?

- Yox e, yox. Allaha min şükür, şikayətçi deyiləm.

- Populyar olmayan yaxşı ifaçılar varmı?

- O qədər yaxşı oxuyan ifaçılar var ki. Restoranda rastlaşıram bəzən. Amma indi çoxları sənətə pul xərcləmək istəmirlər.

- Opera da mütləq oynamaq istədiyiniz obraz varmı?

- Xanəndə qız, "Koroğlu" operasında.

- Bizim üçün o əsərdən bir parça ifa edə bilərsiniz?

- Bilərəm. Amma o zildəndi

- Leyli obrazı kimdə ən yaxşı alınıb?

- Mənim üçün Nəzakət Teymurova. Leyli partiyası çətin partiyadır. Bir insan ki, səhnədə ağladır deməli obrazla yaşayır. Əgər başqalarında alınsaydı Nəzakət kimi yadda qalardılar. Keçmişdə isə Zeynəb Xanlarova və Rübabə bu obrazı çox gözəl oynayıblar. Hətta teatrda çalışanlar deyir ki, Rübabə ölüm səhnəsini oxuyanda hər kəs ağlayırdı.

- Bu vaxta qədər niyə klip çəkdirməmisiniz?

- Mən gözəl klip istəyirəm. 50 minlik, 100 minlik. Sponsor var? 5 000-lik klipi istəmirəm. Həm də gərək ən reytinqli kanallarda getsin klip. Klipin keyfiyyətli olmasını istəyirsənsə çəkiliş komandası gərək peşəkar olsun. Bütün bunlar puldur. Mən bu il söz verirəm ki, 50 minlik klip çəkdirəcəm.

- 2017-ci ildən Kəmalə Nəsibovadan daha nələr gözləyək?

- Mən bir şeyi söz verə bilərəm. 2017-ci ildə əlimdə olan maldan-mülkdən satıb klipi mütləq çəkdirəcəyəm. Nəticədə ortalığa gözəl bir iş çıxsın. 2000-3000-lik klip çəkirlər. Amma nəyə lazımdır ki? Hansı yadında qalıb? Türkiyədə Sibelcanın bir klipi 500 minə başa gəlir.

- Klipi harada çəkdirmək fikriniz var? Türkiyə ya Dubay. Axı bizim müğənnilər keyfiyyət deyən kimi uzaqlara üz tuturlar.

- Mən elə Azərbaycanı seçərəm. Azərbaycanda elə gözəl yerlər var ki.

- Müasir yazıçılardan kimi oxuyursunuz?

- Bəxtiyar Vahabzadə.

- Yox, mən müasir dedim

- Mən muğam oxuyuram. Mən Bəxtiyar Vahabzadənin sözünü eşidən kimi ağlamaq məni tutur. Təzələrin qəzəli var?! Mən qəzəl sevirəm.

- Niyə muğam ifaçıları qapalı geyinir?

Kaş ki elə bütün ifaçılar belə geyinsin. Milli ruhda olduqlarına görədir. Əgər musiqini təbliğ edirsinizsə, heç vaxt açıq-saçıq çıxmaq lazım deyil.

- Toylarda necə bəs?

- Baxır musiqiçiyə, elə muğam ifaçıları var ki, onlar toya gedən də açıq geyinməyi sevir.

- Toylara gedən də utanırsınız?

- Niyə utanım ki? Alın tərim ilə pul qazanıram.

- Yaş artıq keçir, arzular var, istəklər var. Hansı arzularınız həyata keçməyib?

- Çox arzularım həyata keçməyib. Amma onları burda deyə bilmərəm.

- Şəxsi demirəm, sənət arzuları.

- Mənim əsas arzum və məqsədim istədiyim kimi keyfiyyətli klip çəkdirim. Çox istəyirəm kamera orkestri ilə çəkdirim klipi. Teymur Göyçayev isə orada dirijorluq eləsin.

- Kamera orkestri ilə bağlı hansı layihə var ki, onu eləməyi düşünürsünüz?

- Cahangir Cahangirovun bəstələrini, bütün bəstələrini kamera orkestrı ilə ifa eləmək istərdim. Təkcə o yox, Üzeyir Hacibəyov, Fikrət Əmirov. Amma ən əsası isə Cahangirovun "Aylı gecə" mahnısını ifa etmək istərdim. Mən məhz belə bəstəkarların musiqisinə klip çəkdirmək istəyirəm.

- Yaxşı yemək bişirə bilirsiniz?

- Yox!

- Niyə? Həvəs yoxdur, ya vaxt?

- Mən heç vaxt bişirməmişəm. Həm vaxtım olmayıb, cavanlıqda isə həvəsim. Ancaq oğlum körpə olanda ona yemək bişirmişəm. Onu da çox vaxt yandırırdım.

- Özünüz nə yeyirsiniz bəs? Müğənnilər nə ilə qidalanır?

- Ət. Ət ye çıx bülbül kimi oxu.

- Avtomobil sürursuz?

- Bəli

- Təqribən qiyməti neçədir?

- 30-40 min

- Bəs niyə belə ucuz?

- 200 minlik sürüm? Pul var?

- Bəzi müğənnilərdə var axı...

- Bəziləri tanınır. Toya 15-20 minə gedir.

- Bəs siz istəmirsiniz sizdə də olsun?

- Mən 15 minə toya gedə bilmirəm axı. Reklamım yoxdur. Reklam olmalıdır ki, səni toya çağıranda o qiymətə oxuya biləsən. Hər şeyin reklama ehtiyacı var. O boyda "Porsche"ni də reklam edirlər.

- Demək istəyirsiniz ki, "Porsche" sürursuz?

- Bəli, "Porche"dir.

- Şəxsi həyatını gizlədirsən, səbəb?

- Şəxsi həyat bir az gizlin olmalıdır. Şəxsi həyatı reklam etmək olmaz. Reklam edirsən səsini, özün et. O da ona görə ki, pul qazanasan.

- Sosial şəbəkələrdə demək olar ki, hər gün sənə gələn hədiyyələrin şəkillərin paylaşırsan. Kimdir səni bu qədər sevən?

- Güllər, hədiyyələr.. məni sevənlərdəndir.

- Səsinə vurulub göndərirlər ya özünə vurulurlar?

- Məni sevən bir nəfər var ki o, hər gün mənə gül, hədiyyə göndərir.

- Fanatındır?

- Xeyr, məni sevən insandır.

- Sənətçilər arasında ən sevmədiyin söz-söhbət nədir?

- Filankəsə bunu alıblar, bu hədiyyə alıblar. Kim alıb göndərib? Lap belə əcəb eləyib alıb, göndərib. Sənə nə var? Bacarırsan sənə də alıb göndərsinlər. Filankəs bunu geyindi, Kəmalə elə geyindi. Əcəb edirəm. Hamı bilir ki, Kəmalə geyim dəlisidir. Bu gün toy oxuyur, sabah aparır verir geyimə. Mən özüm heç vaxt heç kəs haqqında bunu deməmişəm. Ayıb şeylərdi bunlar.

- Küsülü olduğun sənətçi dostların var?

- Mən ümumiyyətlə heç kəsdən küsmürəm. Bu həyat çox qısadır, kimdənsə küsməyə dəyməz.

- Özünü yaxşı insan sayırsan?

- Çox, həddindən artıq çox. Mən pislik eləməyi bacarmıram. Vallah bəzən olur ki, məndən balasına çörək ala bilmədiyi üçün 100 manat borc istəyirlər. Mən 100 manatı verməyə gücüm çatmasa da, 50 manat verirəm ki evə bir tikə yemək aparsın. Yəni gücüm ona çatır. Çünki, mənim əlimə baxanlar çoxdur. Amma mənə pislik edənlər də çoxdur.

- Nəyə görə pislik edirlər?

- Sevmirlər. Bu gün efirə çıxdım, sabah elə edirlər ki, həmin efir getməsin. Amma mən onları yenə bağışlayıram. Hər şey Allahın nəzərindədir. Ona görə mən həmişə yaxşılıq edirəm ki, heç vaxt ailəmə, sevdiklərimə zərər gəlməsin. Çünki, ailəmi itirməkdən çox qorxuram.

- Son sualım. Kəmalə Nəsibova həmişə gülür. Biz onu həmişə şən görürük. Bəs ağladığın günlər olubmu?

Mən güldüyüm qədər də, ağlayıram. Amma heç kəsə göstərmirəm. Ağlayanda mən sakitləşirəm, rahatlayıram. Əslində, ağlamağı gülmək qədər sevirəm.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 740 24.11.16 18:58