Bərdədə yas mərasimində yaralanan 23 nəfər xəstəxanaya yerləşdirilib.
Bununla bağlı oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd edilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.
Bir nəfərdə xəstəxanaya qədər ölüm halı qeydə alınıb. Məlumata görə ölən şəxsin Məmmədova Sarıtel Abbasəli qızı olduğu bildirilir. Digər şəxslərin isə ümumi müayinələri davam etdirilir.
Əlavə məlumat veriləcək.
* * * * *
Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.
Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb.
Hadisə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.
Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan birinin xəstəxanada öldüyü bildirilir.
Məlumata görə, yas mərasimi olan ev köhnə tikilidir, evin döşəməsi ağırlığa tab gətirməyərək çöküb.
* * * * *
Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.
Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.