Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb | 17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının konfrans iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

20.11.2023 12:37 3 252
Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının konfrans iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Prezident İlham Əliyev noyabrın 20-də Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları,

Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən Konfransda sizi salamlayıram.

Üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycan 2019-cu ildə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri seçilib. Sədrliyimizin müddətinin yekdilliklə 2023-cü ilə qədər bir il daha uzadılması Azərbaycanın Hərəkat çərçivəsində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Biz ölkəmizə olan bu etimadı yüksək qiymətləndiririk.

Azərbaycan sədrliyi dövründə Bandunq Prinsiplərinə sadiq qalaraq Qoşulmama Hərəkatının gündəliyinin irəlilədilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm səylər göstərib.

Qeyd etmək lazımdır ki, məhz Qoşulmama Hərəkatı COVID-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər olunmasında aparıcı rol oynayıb. 2020-ci ilin dekabr ayında Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası təşkil edilib.

Biz bəzi ölkələrin yürütdüyü “vaksin milliyyətçiliyi” siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi.

Sədrliyimiz dövründə Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilib. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülüb.

Həmçinin, Azərbaycan sədrliyi dövründə dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırıb. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik.

Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərib. Bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıram.

Qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilib və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilib.

Qadınların ictimai, siyasi, sosial və humanitar sahələrə, o cümlədən elm və maarifçiliyin inkişafına verdikləri böyük töhfələr danılmazdır. Əsrlər boyu Azərbaycan qadınları zəngin mədəniyyətimizin, ənənələrimizin və ailə dəyərlərimizin qorunmasında, milli köklərinə sadiq nəslin yetişdirilməsində vacib rol oynayıb. Hələ 1901-ci ildə müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb məhz Bakıda açılıb. Azərbaycan əksər Avropa ölkələrini qabaqlayaraq 1919-cu ildə müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk respublika olub.

Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir. Bu gün də Azərbaycan qadınları elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verirlər. Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63 faizini qadınlar təşkil edir. Dövlət tibb müəssisələrinin tibbi kadrlarının 70 faizi qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 40 faizdir. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır.

Torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olub.

Hazırda Azərbaycanın sosial-iqtisadi inkişafının əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərə böyük qayıdışı təmin etməkdir. Bu xüsusda, dədə-baba yurdlarına qayıdan keçmiş məcburi köçkün qadınlara iş imkanlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. Qoşulmama Hərəkatının Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcək.

Qoşulmama Hərəkatına sədrliyimizin sonu yaxınlaşmaqdadır. Böyük qürur hissi ilə qeyd edirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının ən gənc üzvlərindən biri olmasına baxmayaraq, sədrliyi təhvil alacaq növbəti ölkələrə uğurlu miras qoyacaq. Ölkəmiz bundan sonra da Qoşulmama Hərəkatının məqsədlərinin və məramının beynəlxalq səviyyədə təşviq edilməsi istiqamətində səylərini davam etdirəcək.

Əminəm ki, bu əlamətdar konfrans qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması üçün əhəmiyyətli platforma rolunu oynayacaq və bu sahədə birgə fəaliyyətin aparılması üçün Qoşulmama Hərəkatının tarixində yeni bir dövrün başlanğıcının əsasını qoyacaq.

Konfransın işinə uğurlar və qonaqpərvər Bakı şəhərində xoş vaxt keçirməyi arzu edirəm”.

* * * * *

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında iştirakçılara müraciət ünvanlayıb.

“Report” xəbər verir ki, dövlət başçısının müraciətini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oxuyub.

Son xəbərlər