“Azərbaycan şirkətləri yatırdıqları sərmayələrlə Gürcüstanda minlərlə iş yerləri yaratmaqla, ölkədə işsizlik probleminin həllində yaxından iştirak edirlər”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan sərmayəli şirkətlərin iştirakı ilə videokonfrans formatında keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşı olmaqla, bu ölkəyə ən çox xarici sərmayə yatıran ölkələrdən biridir. Səfir Azərbaycan şirkətlərinin Gürcüstanın ən böyük vergi ödəyiciləri olduğunu vurğulayıb.
Diplomat qey edib ki, 44 günlük Vətən müharibəsi zamanı Gürcüstanda şirkətlər və soydaşlarımız tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə göstərilən dəstək həmrəyliyimizin bariz nümunəsidir.
Toplantıda iştirak edən “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov şirkət tərəfindən Gürcüstanda həyata keçirilən layihələr, o cümlədən pandemiya dövründə yerli fermerlərə dəstək üçün Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə imzalanmış “Aqrodizel” proqramı barədə məlumat verib. O, SOCAR şirkətinin Gürcüstanda ən böyük vergiödəyicilərdən biri olduğunu, şirkətin Gürcüstanda yaşayan soydaşlarımızın təhsil məsələlərini hər zaman diqqət mərkəzində saxladığını deyib.
Görüşdə həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu), eləcə də, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması ilə bağlı “Qarabağ Dirçəliş Fondu” publik şəxs barədə təqdimat edilib.