2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib.
Bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib.
Eyni zamanda, bildirilir ki, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb olunub. Məktəbəhazırlıq qruplarına qəbul https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib.
Azərbaycanda ötən il ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib. Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub.
2020-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2020-ci ildə Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.
2020-ci ildə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 233 214 nüsxə dərslik və metodik vəsait çap edilib. 2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. Dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif "Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. Yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də var. Yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib.