Azərbaycanda 600-ə yaxın icra məmuru fəaliyyət göstərir.
Bu barədə Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib.
Onun sözlərinə görə, icra məmurlarının hamısı dövlət qulluqçusudur:
“Onların hamısı ali təhsilli, hüquqşünas zabitlərdir. İcra xidməti artıq 20 ildir ki, fəaliyyət göstərir və bu illər ərzində işə götürülən icra məmurlarının hər biri Ədliyyə orqanlarının müvafiq qanunları çərçivəsində fəaliyyət göstərirlər. Bu sahədə 30-a yaxın icra haqqında qanuna dəyişiklik olunub.
Onu da qeyd edim ki, cari ilin altı aylıq hesabatına görə, 600-ə yaxın icra məmurunun icraatında 700 mindən artıq iş olub. Bu istiqamətdə universal bölgü olmadığı üçün regionlarda hər icra məmurunun icraatında təxminən 400-500-ə qədər iş olur. Amma iri şəhərlərdə- Sumqayıtda, Gəncədə, Bakıda iş yükü daha artıq olur”.