Azərbaycanda silahlı şəxslər saxlanıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanda silahlı şəxslər saxlanıldı - VİDEO
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarəyə Tofiq adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs - paytaxt sakini Tofiq Qaranizadə Nəsimi rayonunun ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd “Makarov” markalı tapança, bir ədəd daraq və beş ədəd patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə Şəki şəhər sakini Fərid Əbdürəhimov Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində saxlanılıb. Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı “TOZ-17” modelli silah və ümumilikdə 491 ədəd müxtəlif kalibrli patron aşkar olunaraq götürülüb. Fərid Əbdürəhimov həmçinin ifadəsində ona məxsus daha bir neçə odlu silah-sursatı həmyerlisi Ruslan adlı şəxsə borclu olduğu üçün verdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Şəki şəhər sakini Ruslan Əliyev də saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı bir ədəd “Naqan” markalı tapança, 41 ədəd patron və bir ədəd tüfəng aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Tofiq Qaranizadə, Fərid Əbdürəhimov və Ruslan Əliyev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          477 16.07.20 14:48