Vəkillər Kollegiyası və Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşəbbüsü ilə ilk dəfə hakimlər və vəkillər arasında 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş şahmat üzrə dostluq oyunu keçirilib.
Yarış distant şəkildə onlayn formada təşkil olunub. Gərgin mübarizə və yaradıcılıq ruhunda keçmiş görüş vəkillərdən ibarət yığmanın qələbəsi ilə yekunlaşıb.
Ölkəmizin hüquq ictimaiyyətinin həmrəyliyi, qarşılıqlı səmərəli əməkdaşlığının bariz nümunəsi olaraq, bu yoldaşlıq görüşü həm də Azərbaycan hüquq peşəsi təmsilçilərinin şahmat kimi intellektual oyuna olan maraq və bacarığının göstəricisidir.
Hakimlərdən ibarət yığma komandanın tərkibinə Abiddin Hüseynov, Bəxtiyar Məmmədov, Elbəy Allahverdiyev, Elnur Həsənov, İlqar Dəmirov, İlqar Xələfov, Rəfail Eyvazov, Teyyub Muxtarov daxil idilər. Vəkillərdən ibarət yığma komandanın tərkibinə isə Aydın Ələkbərov, Camal Əliyev, Elşən Səfərov, Əkrəm Həsənov, Əziz Eminov, Sənan Süleymanlı, Siracəddin Kərimov, Vüqar Kərimov daxil olub.
Canlı olaraq təşkil olunmuş oyun vəkil Tahir Əliyev tərəfindən şərh edilib.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Azerbaijan attorneys in chess” şahmat komandası Paris və Odessa vəkillər kollegiyaları üzərində qələbələr qazanmış, dünyanın bu sahədə vəkillərdən ibarət aparıcı və güclü heyətlərindən biridir.