Mehdiabad Polis Şöbəsinə qəsəbə ərazisində marketlərdən birində oğurluq edilməsinə dair məlumat daxil olub.
Baku TV xəbər verir ki, əraziyə baxış keçirilən zaman aydın olub ki, naməlum şəxs 335 manat dəyərində ərzaq malları oğurlayıb.
Eləcə də, orada yerləşən ödəniş terminalını yararsız hala salmaqla 1 000 manat dəyərində maddi ziyan vurub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Məhbub Əliyev tutulub. Onun oğurladığı ərzaq malları isə yaşadığı ünvandan tapılaraq, maddi sübut kimi götürülüb.
Daha sonra Məhbub Əliyevin yaşadığı evə baxış keçirilib. Oradan narkotik vasitə olan üç ədəd xüsusi bükümdə metamfetamin tapılaraq aktlaşdırılıb. Saxlanılan şəxs tutduğu cinayət əməlini etiraf edib və bu işdən peşman olduğunu bildirib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.