Ötən gün gecə saatlarında Tovuz-Qovlar mənzilində qatarla minik maşını toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Baş verən hadisə ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsi Oxu.Az-a açıqlama verib.
Qeyd olunub ki, Böyük Kəsik-Bakı sərnişin qatarı Tovuz-Qovlar mənzilinin 115-ci kilometrində hərəkətdə olarkən, qorunan dəmir yolu keçidindən keçməyə cəhd göstərən “Jiquli” markalı avtomobil qatarın lokomotivi ilə toqquşub.
Hadisə nəticəsində avtomobilin sürücüsü və sərnişin xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Böyük Kəsik-Bakı sərnişin qatarı təxminən yarım saatdan sonra hərəkətini davam etdirib.
Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin (Dəmiryol keçidlərində hərəkət, Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər və s.) tələblərinin pozulması olub.
Faktla bağlı araşdırma aparılır.