Azərbaycanda ana 11 yaşlı oğlunu 100 manata satıb.
Median.Az sonxeber.az-a istinadən xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində axtarılan Səyyad Bayramovla bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
Verilişə müraciət edən və adını açıqlamasını istəməyən şəxs bildirib ki, anası Səyyadı 11 yaşında Fazilə satıb: "Səyyad mənə demişdi ki, anası 6 yaşı olanda başqa bir insana satmışdı. O, kişi də Səyyada işgəncələr verib, ac saxlayıb. Dəfələrlə acından ürəyi gedib. Anası sonra onu Fazilə 100 manata satıb. Fazil Səyyada hər gün işgəncə verir və döyür. Saat 5-dən gecə saat 12-yə kimi işlədir. Əgər bir heyvana bir şey olsa, onu ölümünə döyür. İllərdir ki, ana övladından xəbərsizdir. Fazilə heç kim heç nə edə bilmir. Onun arxasında vəzifəli şəxs durur".
Aparıcı bildirib ki, bu, Fazildən birinci şikayət deyil: "Onlarla insan Fazildən şikayət edir. Səyad tapılıb anasına təhvil verilməli idi. Amma Fazilə təhvil verilib".
Səyad valideynlərindən imtina etdiyini söyləyib: "Qardaşım məni hər gün döyürdü. Onları görmək istəmirəm. Bilirəm ki, onlar məni başqasına satmaq istəyir. Mən Fazildən heç bir pislik görməmişəm".