Xalça Muzeyində sağlamlıq imkanları məhdud şəxslərə uyğunlaşdırılmış mərtəbənin açılışı olub - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Xalça Muzeyində sağlamlıq imkanları məhdud şəxslərə uyğunlaşdırılmış mərtəbənin açılışı olub - FOTO
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günü ilə bağlı Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılış mərasimi keçirilib.

Median.Az
-ın APA-ya istinadən xəbərinə görə, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova və Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj muzeyinin Qiymətli metalların bərpası laboratoriyasının rəhbəri Malkiel İqor Karloviç iştirak ediblər.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbir fiziki imkanları məhdud şəxslərin ictimai-mədəni mühitdə bərabərliyinin təmin olunması, onlara psixoloji və mənəvi dəstək məqsədi daşıyıb.

Bildirilib ki, muzeyin eksponatları Brayl əlifbası ilə təqdim olunur. Eyni zamanda burada xovlu və xovsuz texnologiyasının birlikdə tətbiqi ilə üzərində həndəsi və nəbati elementlər, zoomorf və antromorf təsvirlər olan kiçik ölçülü xalça nümunələri nümayiş etdirilir.

Ş. Məlikova bildirib ki, Azərbaycan Milli Xalça Muzeyi ilə "Gülsam" Əlillərin Reabilitasiyası İctimai Birliyi birgə xeyriyyə məqsədilə sərgi-satış yarmarkası keçirir. Onun sözlərinə görə, yarmarkada fiziki imkanları məhdud şəxslərin əl işləri təqdim olunur: “Hazırda sərgidə 10 xalça nümayiş olunur. Digər eksponatlara toxunmaq qadağan olunurdusa, bu yeni toxunan, 10 xalça nümunəsinə toxunmaq olar. Amma bu xalçalar hələlik satış üçün nəzərdə tutulmayıb. Maraq və xalçaların sayı artdıqca onlar satışa çıxarıla bilər. Xalçalar haqqında məlumatlar həm Azərbaycan, həm də ingilis dilində Brayl əlifbası ilə təqdim olunub. Bu ekspozisiya davamlı olacaq. Yeni-yeni xalçalar toxunacaq”.

Daha sonra muzeydəki eksponatlara baxış keçirilib.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          485 08.11.19 20:53