Yeniyetmə və gənclərdən ibarət karate üzrə seçmə komandalar 11-13 yanvar tarixlərində Xorvatiyaya məsul yarışa yollanıb. Samoborda 28-ci Qran Pri turnirində 22 idmançı iştirak edəcək.
Bu barədə Trend-ə Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov məlumat verib.
Kumite üzrə baş məşqçi Anar Allahverdiyev yeniyetmələrdə 5 idmançının, müxtəlif yaşlı gənclərdə isə 14 karateçinin yarışa qatılmasına üstünlük verib. 14-15 yaşlı yeniyetmələrdə Ramil Balakişiyev (-52 kq), Hüseyn Məmmədli (-57 kq), Tale Yaqubov (-63 kq), Osman Osmanlı (+70 kq), Fidan Dadaşova (-47 kq), 16-17 yaşlı gənclər arasında Fərid Əbdülkərimov (-55 kq), Əminağa Quliyev (-61 kq), Tural Yaqubov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıqova (-48 kq), Ayla Rzazadə (-59 kq), 18-20 yaşlı gənclərin yarışında isə Müseyib Məmmədov (-60 kq), Qəşəm İskəndərov (-75 kq), Murad Hacızadə (+84 kq), Emil Güləhmədov (+84 kq), İnci Əzizova (-55 kq), Bəsti İsmayılova (-61 kq), Zamira Rzayeva (-68 kq) tatamiyə çıxacaq.
Kata üzrə baş məşqçi Vahid Ayvazov isə 14-15 yaşlı yeniyetmələrdə Emin Namazovun, 16-17 yaşlı gənclərdə Ceyhun İsgəndərovun, 18-20 yaşlı gənclərdə Roman Heydərovun yarışda mübarizə aparmasını məqbul sayıb. Qran Pri turnirinə həmçinin kata üzrə məşqçi Anar Əhmədov, milli hakimlər MirCabbar Seyidov, Seymur Məmmədov, və Mehman Mədətov da yola düşüb.
Xorvatiyada Qran Pri turnirində 23 ölkədən 209 klubun tərkibində 1621 karateçi iştirak edəcək.