1992-ci ildən bu yana keçirilən Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" 32 ildən sonra özünün ən pis göstəricisini təkrarlayıb.
"Ağ-qaralar" Azərbaycan Premyer Liqasının ilk beş turunda qələbə qazanmayıblar. Bakı klubu 4 oyunda heç-heçə edib və bir matçda məğlub olub.
Roman Qriqorçukun başçılıq etdiyi komanda "Turan Tovuz" və "Şamaxı" ilə qolsuz, "Səbail" və "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçələr edib. "Sabah"dan isə iki cavabsız qol buraxıb.
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan "ağ-qaralar" 32 ildə ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurub. İlk belə hadisə 2017/18 mövsümündə qeydə alınıb. Yeddi il əvvəl "Neftçi" ilk 5 turda cəmi bir xal qazanıb: bir heç-heçə və 4 məğlubiyyət.
Qeyd edək ki, 2017/18 mövsümündəki qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.