Alimlər idmanla məşğul olma həvəsinin "açarını" tapıblar.
Bu barədə İspaniyanın Milli Xərçəng Araşdırmaları Mərkəzi məlumat verib. Tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.
Bildirilir ki, idmanla məşğul olmaq istəyinin əsasında duran mexanizmləri müəyyənləşdirmək üçün alimlər iki qrup siçan üzərində eksperiment aparıblar. Birinci qrup adi gəmiricilərdən, ikinci qrup isə yüksək yağlı pəhriz nəticəsində artıq çəki yığmış heyvanlardan ibarət olub.
Tədqiqat göstərib ki, intensiv məşqlər zamanı siçanların orqanizmində iki zülal - "p38α" və "p38γ" aktivləşir. Bu prosesə "interleykin 15" ("IL-15") adlı başqa bir zülal da cəlb olunur.
Fiziki hərəkətlər "p38γ" zülalını aktivləşdirir ki, bu da orqanizmdə "IL-15"in sintezini artırır. Qanda "IL-15" səviyyəsinin yüksəlməsi beyinə fiziki aktivliyin artması haqqında siqnal ötürür, bu da hərəkətliliyin artmasına səbəb olur.
Tədqiqat müəllifləri iddia edirlər ki, piylənmə və idman zamanı əzələlərdə "p38γ" zülalının aktivləşməsi arasındakı əlaqə artıq çəkidən xilas olmaq üçün açar rolunu oynaya bilər.
Onlar həmçinin qeyd edirlər ki, müntəzəm məşqlər piylənmənin profilaktikası və müalicəsinin effektiv üsuludur.