Havada motoruna quşlar girdikdən sonra qəza vəziyyətinə düşən təyyarəni salamat qarğıdalı sahəsinə endirməyi bacarmış pilot Damir Yusupov özünü qəhrəman hesab etmir.
“RİA Novosti” xəbər verir ki, qəza anında “Airbus A321” tipli təyyarənin şassilərini açmadan yerə sərt enişə qərar verən və bununla da 226 sərnişin və yeddi ekipaj üzvünün həyatını xilas edən pilot “Rossiya 1” telekanalına açıqlamasında qeyri-adi bir şey etmədiyini deyib:
“Çoxları deyir ki, mən qəhrəmanlıq etmişəm. Amma mən belə düşünmürəm. Təyyarəni, sərnişinləri və ekipajı qurtarmaq üçün nə lazım idisə, onu yerinə yetirmişəm. Düşünürəm ki, o anda yeganə çıxış yolu bu idi. Özümü qəhrəman hesab etmirəm”.
Təcrübəli pilot yenidən uçuşlara davam etmək istədiyini də vurğulayıb.
Qeyd edək ki, Rusiyanın “Ural Hava Yolları”na məxsus, Moskva-Simferopol reysi ilə uçan A-321 təyyarəsi Jukovski hava limanından qalxdıqdan az sonra mühərrikinə quşlar daxil olub. Bu səbəbdən Moskvaətrafı qəsəbələrdən birində qarğıdalı sahəsinə təcili eniş edən təyyarədə ölən olmasa da, 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.