"Netflix" Fələstin filmlərinin əksəriyyətini kitabxanasından çıxarıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Deadline" yazıb.
Nəşr qeyd edir ki, filmlər oktyabrın 13-də yığışdırılıb, lakin bu, "Freedom Forward" hüquq müdafiə təşkilatının hadisəyə diqqət çəkməsindən sonra məlum olub. Onun nümayəndələri "Netflix"ə açıq məktub dərc edərək, filmlərə girişin dərhal geri qaytarılmasını tələb ediblər.
Şirkət silinmiş filmləri nümayiş etdirmək hüququnun bitdiyini bildirib. Onlar 2021-ci ildə üç il müddətinə alınıb.
"Biz bu lisenziyalı film kolleksiyasını 2021-ci ildə üç il müddətinə istifadəyə vermişdik. Artıq həmin lisenziyaların müddəti başa çatıb. Həmişə olduğu kimi, biz üzvlərimizin ehtiyaclarını ödəmək və dünyanın hər yerindən gələn səsləri qeyd etmək üçün müxtəlif keyfiyyətli filmlərə və televiziya şoularına sərmayə qoymağa davam edirik", deyə "Netflix" bildirib.
Silinən filmlər arasına Dubayda yerləşən "Front Row Filmed Entertainment" tərəfindən platformaya lisenziya verilən Elia Süleymanın "İlahi Müdaxilə" (2002), Annemari Yasirin "Bu Dənizin Duzu" (2008) və Mai Masrinin "3000 Gecəsi" (2015) filmləri var.