İtaliyada son 24 saat ərzində koronavirusun yaratdığı xəstəlikdən 99 nəfər dünyasını dəyişib. Son gündə müşahidə edilən ölüm sayı martın əvvəlindən bəri ən aşağı göstəricidir.
Median.Az xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin xülasəsində qeyd edilib. Qeyd olunub ki, ümumilikdə koronavirusdan ölənlərin sayı 32 007-ə çatıb.
Son sutkada müalicə alan 2 150 xəstə sağalsa da, 451 yeni yoluxma qeydə alınıb.
Bildirilib ki, infeksiyaya yoluxan 225 886 nəfərin 127 326-sı sağalıb.
Qeyd edək ki, İtaliya iyunun 3-dən etibarən sərhədləri Avropa İttifaqı ölkələrindən gələn hər kəs üçün açıq elan edib. Ölkəyə bütün yollarla giriş-çıxış sərbəst olacaq və karantin rejimi tətbiq edilməyəcək. Ölkə daxilində də gediş-gəliş tam sərbəst olacaq.
Mayın 18-dən isə İtaliyanın regionları daxilində sərbəst hərəkətə icazə veriləcək. Həmçinin bütün ticarət, iaşə, xidmət obyektləri fəaliyyətini bərpa edəcək.