Koronavirus dünyada ilk 2003, 2012 və 2019-2020-ci illərdə görülüb. Peyvənd tapılmazsa, 2028-2030-cu illərdə koronavirusun başqa bir mutasiyası ilə qarşı-qarşıya qala bilərik.
Median.Az medicina.az-a istinadən bildirir ki, bu sözləri türkiyəli professor Orhan Yıldız deyib.
Professorun sözlərinə görə, koronavirus hər il "hücum" edən bir virus deyil və 8-10 il sonra yenidən peyda olmaq ehtimalı yüksəkdir.
"Koronavirus 1960-cı illərdə tapılıb. Bu virus həmişə var idi və forma dəyişdirib. Koronavirus insanlara yoluxa bilən, öldürücü bir formaya çatdı. Bu xüsusiyyətini itirməsini gözləməməliyik. Ortaya çıxan bir mutasiyadır. Əvvəllər sadəcə heyvanlarda görülsə də, indi insanlarda da görülür. Bu da virusun inkişaf etdiyini sübut edir.
2028-ci ilə qədər nə olacağını bilmək çətindir. Virus daha ölümcül olacaq, yoxsa daha çox yayılacaq, bilmirik. Bunu müəyyən edəcək tək şey bəşəriyyətin peyvənd tapmasıdır. Qarşımızda 8-10 ilə qədər müddət var. Pandemiyada istifadə olunacaq peyvənd çox mümkün görünmür. Hazırda pandemiya sönmək üzərədir və peyvənd tapılması 1.5 ilə qədər çəkəcək. Növbəti pandemiya üçün əlimizdə yeni silahlar olmalıdır".