Çində koronavirusdan ölənlərin daha çoxunun kişi olması “qadınlar virusa qarşı nəyə görə kişilərdən dözümlüdür?” sualını gündəmə gətirib.
Sondakika.com xəbər verir ki, elm adamları infeksiyalara qarşı qadınların immun sisteminin kişilərdən daha güclü olduğunu deyir.
Çinin Xəstəlilkərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin yayımladığı hesabatda kişilərin qadınlarla müqayisədə daha çox müdafiəsiz olduğu bildirilir. Eyni virusa yoluxduqları zaman kişilərdə ölüm faizi 2,8, qadınlarda isə 1,7 faiz təşkil edir.
Koronavirusdan əvvəl yayılan SARS və MERS viruslarından da ölüm hallarına ən çox kişilərdə rast gəlinib.
Kişilərin immun sistemində olan zəifliyi onların bioloji vəziyyətləri və yaşam tərzləri ilə əlaqələndirirlər. Güclü cinsin nümayəndələrinin daha çox məsuliyyət daşıdığı və bununla əlaqədar daha çox stress keçirdiyi qeyd edilir. Bundan başqa, kişilər daha çox siqaret çəkir və ağır işlərdə işləyirlər. Onlar qadınlarla müqayisədə həkimə az hallarda müraciət edirlər.
Eyni zamanda, “mənə heç nə olmayacaq” fikrinin kişilərdə üstünlük təşkil etdiyi güman olunur.
Başqa bir fərziyyə, qadınların immunitet sistemində hələ başa düşülməmiş yaşamaq üstünlüyünün nəslin davam etməsini təmin etmək məqsədilə qurulmasıdır. Bu fərqin qadın hormonu estrogenlə əlaqəli olduğu düşünülür.